Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Gəncə şəhərində gənclərin iştirakı ilə “Heydər Əliyev İrsini öyrənirik” adlı tədbir təşkil olunub.
Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının, Gəncə Gənclər Evinin birgə təşkilatçılığı və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil edilib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədr vəzifəsini müvəqqəti icra icra edən Nurəddin İbrahimov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov və 200-dən artıq gəncin iştirak etdiyi tədbir Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi ilə başlayıb. Ulu Öndərin abidəsi önünə gül dəstələri düzən tədbir iştirakçıları dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. Mərkəzin əməkdaşları tərəfindən gənclərimizə Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti, Gəncəyə müxtəlif dövrlərdə səfərləri, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət haqqında ətraflı məlumat verilib.
Qeyd etmək istərdik ki, Mərkəzin birinci mərtəbəsində fəaliyyət göstərən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Xatirə Muzeyi Ulu Öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Ulu Öndər Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Burada Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən fotostendlər, kitablar, qəzetlər və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi diqqət və qayğını əks etdirən eksponatlar da nümayiş etdirilir.
Tədbir xatirə şəkli çəkildikdən sonra başa çatıb.


