Vicdan azadlığı problemi bəşəriyyətin inqilabi-demokratik inkişafının nailiyyəti, zəmanəmizin aktual problemlərindəndir. Vicdan, əxlaqi özünənəzarət, insanın cəmiyyət və özü qarşısında öz fəaliyyəti, əməlləri və davranışı üçün mənəvi məsuliyyətidir. Vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsinə uyğun olaraq insanın hərəkət etmək bacarığı və imkanıdır.
Vicdan azadlığı- vətəndaşların ədalətli-ədalətsiz,yaxşı-pis kimi əməllərinə qiymət verməklə mənsub olduğu ictimai təbəqənin, yaxud bütün cəmiyyətin onda tərbiyə etdiyi təsəvvürə uyğun hərəkət edərək azad olmaq imkanıdır. Vicdan azadlığı kateqoriyası insanların dinə münasibətə tam sərbəstliyini nəzərdə tutur. Dünya yaranandan indiyədək zaman-zaman vicdan istismarçıları, məzlum vicdan əzabkeşlərinin vicdan azadlıqlarını əlindən alıb.
Dünya ölkələri ilə müqayisədə vicdan azadlığının təminatı məsələsində Azərbaycan öndədir.Çünki bizim milli-mənəvi dəyərlərimizin, milli kimliyimizin formalaşmasında İslam dini müstəsna rol oynayıb. Hər kəs doğru bildiyi yolu gedir. Hər kəsin doğru bildiyini başqalarına çatdırmaq haqqı var. Bu, dinimizin də, Peyğəmbərimizin (s) də verdiyi haqdır.Elə peyğəmbərlərin də missiyası məhz bundan ibarət olub. Sən doğru bildiyini deməli və çatdırmalısan. Digərlərinin isə qəbul edib-etməmək, öz bildiyi kimi yaşamaq haqqı var.Yəni din başqalarının haqqına hörmətlə yanaşmağı aşılayır insanlara.Ümumiyyətlə insanlar dinc, yanaşı yaşamaq üçün bir-birinə hörmət etməlidirlər.Bütün bunlar isə birləşib vicdan azadlığı məfhumunu yaradır.Nəticədə din, etiqad, vicdan azadlığı ümumi insan haqlarının ayrılmaz hissəsini təşkil edir. Vicdan azadlığı məsələsi 1918-ci il mayın 28-də şərqdə yaranmış ilk dövlətin- Azərbaycan Demokratik Respublikasının fəaliyyətinin əsasını təşkil edib.Baxmayaraq ki,1918-ci ilə qədər rus imperiyası azərbaycanlılar arasında dini ayrılığı daha da dərinləşdirmək məqsədilə əhalini sünnü və şiə məzhəblərinə bölərək onların müstəqil ruhani idarələrini yaratmışdı. İmperiya 1872-ci ilin aprel ayının 5-də, 1917-ci ilin iyul ayının 17-də azərbaycanlıları bir-birinə zidd məzhəblərə parçalayan qərəzli sərəncamlar vermişdir.Vicdan azadlığnın təmin olunması üçün Azərbaycan Demokratik Respublikasının atdığı ilk addım ruhani idarələrinin müsəlman məmurlarına həvalə edilməsi olur.Bununlada Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid müsəlman ruhani idarəsinin yaradılması qərara alınır. Bir sözlə Azərbaycan Demokratik Respublikası vətəndaşların istədikləri dinə riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların birində iştirak etmək, habelə, heç bir dinə riayət etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipini əsas götürür.Dinlərdən birinə üstünlük verilməsi, digərlərinin sıxışdırılması və beləliklə dini bərabərsizliyə şərait yaradılması müxtəlif dinlərə mənsub olan vətəndaşların hüquq bərabərliyinin pozelumasına imkan verilmir.
Buna sübut olaraq Azərbaycan Demokratik Respublikası Parlamentinin tərkibindəki müxtəlif millətlərin və dinlərin nümayəndələrini göstərmək olar. Azərbaycan Demokratik Respublikası vicdan azadlığı problemi sahəsində demokratik mövqedə dayanaraq dinə biganə münasibət bəsləyən, yaxud dini qəbul etməyən vətəndaşlar haqqında məhdudedici tədbirlər görülməsi hallarına yol verməyib.Əksinə dindarlarla dinə inanmayan vətəndaşların dinc-bərabər yaşaması üçün şərait yaradıb. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının müstəqillik haqqında qətnaməsində deyilirdi: “Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlarla təmin edir”. Mövcud olduğu 23 ay ərzində Azərbaycan Demokratik Respublikası iqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələlərinə xüsusi yer ayırıb. 70 illik sovet əsarətindən sonra 1991-ci ildə Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoyanda da vicdan azadlığı məsələsini əsas götürdü. Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırmaq istiqamətində addımlar atdı.
1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Ümummilli Lider hüquqi, dünyəvi və demokratik dövlət quruculuğuna başlamaqla yanaşı, sağlam təməllər üzərində dövlət-din münasibətlərini də formalaşdırdı.Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən Ümummilli Lider Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu.Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət idi. İnsanların ictimai-siyasi özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdən idi. Bütün bu prinsiplər ana qanunumuz olan konstitusiyamız ilə təsbit edildi.
Hər kəsin vicdan azadlığı vardır.Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində əksini tapan bu hüquqları kimsə poza,qadağan edə bilməz.Çünki Azərbaycan hüquqi, dünyəvi və demokratik respublikadır. Dövlətin siyasətində din amili özünəməxsus yer tutur. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətlə din arasında münasibətlər çox möhkəmdir. Ümummilli Lider Heydə Əliyevin sağlam təməllər üzərində formalaşdırdığı dövlət-din münasibətləri ilə bağlı müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev, Ulu Öndərin mütərəqqi ənənələrinə sadiq qalaraq Azərbaycan cəmiyyətində dini-mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşır. İlahiyyatçı Hacı Şahin Həsənli deyir: “Azərbaycan dinə,vicdan azadlığına münasibətdə həqiqətən də dünyaya nümunə ola biləcək bir model təqdim edir. Bunu təkcə biz yox, Avropadan gələn siyasətçiləri, diplomatlar, müxtəlif peşə sahibləri də təsdiq edir.Ölkəmizdə unikal dövlət-din münasibəti və dinlərarası, məzhəblərarası münasibətlər modeli var. Bu modelin özəlliyi də məhz dini ənənələrimizdədir. Azərbaycanda din, irfan üzərində köklənmiş sahədir, dəyərdir. Bu, bizim poeziyamızda, mədəniyyətimizdə öz əksini tapıb və bu dözümlülüyün əsasında irfan ənənələri dayanır. Din də məhz bu gün həmin müstəvidə təbliğ olunmalıdır. İlahi eşq və insanlara olan məhəbbət – dinin təbliğində aparıcı istiqamət kimi qəbul edilməlidir”
Belə bir nümunəvi modelin yaradılmasında düzgün siyasətin qurulması qədər onun təbliği də mühüm əhəmiyyət kəsb edir. Dinin düzgün şəkildə təbliği və insanlara çatdırılması çox vacibdir və bu məsuliyyətli vəzifə birmənalı olaraq media nümayəndələrinin üzərinə düşür.Mübaliğəsiz qeyd etmək lazımdır ki, milli mətbuat dövlətçilik ənənələrinin bərpası və tərəqqisində mühüm xidmətlər göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsi də xeyli inkişaf edib. Azərbaycan mətbuatı hər zaman milli-mənəvi və dini dəyərlərə hörmətlə yanaşaraq, milli kimliyimizi daim müdafiə edib.Əgər bu gün müasir, qloballaşan dünyada milli-mənəvi,dini dəyərlərimiz ilə bağlı informasiyalar təhrif olunmadan cəmiyyətə ötürülürsə demək ki,media öhdəliyini yetərincə dərk edir.Baxmayaraq ki,bu gün bütün dünyanı sosial şəbəkələr ələ keçirib.Bu şəbəkələrdə əsası olmayan müxtəlif fikirlərin yayılıması təbliği ilə tez- tez qarşılaşırıq.Təəsüflə qeyd etməliyik ki, bu vurtual məkandan müxtəlif destruktiv qüvvələr pis niyyətləri və məqsədləri üçün istifadə edirlər.Din pərdəsi altında insanları xüsəsən də gənc təbəqəni yalnış istiqamətləndirməyə çalışırlar. Bəzən bu onlarda alınır.Belə olan halda medianın məsuliyyəti birə-beş artır.Axı medianın mübarizə yolu isə düzgün təbliğatdır. Heç bir məqsədə xidmət etmədən qərəzçilikdən uzaq doğru və lazımı informasiyanı çatdırmaqdır.Ona görə də milli mətbuatımız missiyasının nə olduğunu unutmamalı, dini radikalizmi təbliğ edən informasiyalar yaymamalıdır. Dinin siyasiləşdirilməsi, milli kimliyimizin dini kimliyimizə qarşı qoyulması, dünyəvi təhsilə və dünyəviliyə qarşı cəhdlər, məzhəbçiliyin yayılması məlumatları tirajlamamalıdır. Mediamız dini maarifləndirmə işinin həyata keçirilməsinə, dini radikalizm və ekstremizmlə mübarizənin təşkilinə, milli-mənəvi dəyərlərin qorunmasıma, təbliğinə önəm verməlidir. Çünki medianın təsir gücü büyükdür.Bu gün Azərbaycanda mövcud olan birgəyaşayış, multikultural dəyərlərin, tolerant mühitin təbliğində də böyük rola malik olan milli mətbuatımız Azərbaycan dövlətinin din siyasətində iki əsas prioritet istiqaməti daim diqqətdə saxlamalıdır. Bunlardan biri İslam vəhdəti,ikincisi çoxmədəniyyətli, multikulturalizm siyasətidir ki,elə məhz bununlda bütün dünyaya nümunəyik.
Aytən Abdulova
Yazı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında keçirdiyi “Vicdan azadlığı və media” mövzusunda yazı müsabiqəsinə təqdim edilir


