Hazırda dünyada baş verən siyasi proseslər, qütbləşmə meylləri, müharibələr ölkələr qarşısında hədəflər, yeni yanaşmalar qoyur. Belə olan vəziyyətdə Azərbycan da yerləşdiyi regionda yeni reallıqlar formalaşdıran ölkə olaraq qonşuluq münasibətlərini, tarixi əlaqələrini qarşılıqlı hörmət fonunda yenidən nəzərdən keçirir.
Əlbəttə ki, bu yanaşma özlüyündə zərurətdən irəli gəlir. Çünki, Azərbaycan 2020-ci ildə başlatdığı haqlı Zəfər yürüşündə kimin kim olduğunu bir daha gözəl başa düşdü. Məhz buradan yola çıxaraq ölkəmiz özünün gələcək prioritet və istiqamətlərini müəyyən edir. Bu mənada qonşu Gürcüstanla münasibətlərimiz hər zaman olduğu kimi bu gün də strateji əhəmiyyət daşıyır. İki ölkə arasındakı münasibətlər xalqlarımızın milli maraqlarına xidmət edib və edir.
Bir-birini həm qonşu, həm də dost xalqlar kimi qəbul edən ölkələrimiz arasında olan münasibətlər, eyni zamanda çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Azərbaycan demək olar ki, həyata keçirdiyi əksər enerji və nəqliyyat kommunikasiya layihələrini Gürcüstan üzərindən reallaşdırır. Bu faktdır ki, Gürcüstan coğrafi mövqe baxımından Azərbaycan üçün hazırda Qərbə doğru ən münasib, ən sərfəli və ən etibarlı nəqliyyat-logistika rolunu oynayır. Bu gün Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə qoyan, eyni zamanda həmin ölkənin büdcəsinə ən çox vergi ödəyən xarici şirkətlər məhz Azərbaycanı təmsil edən şirkətlərdir. Tarixən ölkələrimiz arasında olan sıx mədəni və humanitar sahədə olan münasibətlər bu gün daha da inkişaf edib. İki ölkə arasında əksər sferalarda qarşılıqlı münasibətlər sistemi mövcuddur.
Hər iki ölkə bütün beynəlxalq platformalarda bir-birlərinin haqq işlərini dəstəkləyiblər. Hər zaman Azərbaycan və Gürcüstan qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyıblar.
Bu günlərdə Gürcüstanın yeni seçilmiş Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini məhz Azərbaycana etməsi yuxarıda qeyd etdiklərimizin bariz göstəricisidir. Səfər çərçivəsində iki ölkə liderinin mətbuata verdikləri bəyanatlarda bir daha münasibətlərimizin səviyyəsinə aydınlıq gətirildi. Bir məsələni də qeyd etməliyik ki, dost Gürcüstanın postmüharibə dövründə Bakı və İrəvan arasında sülhün, ümumilikdə Cənubi Qafqazda sabitliyin bərpası istiqamətində atdığı addımlar, irəli sürdüyü təşəbbüslər təqdirəlayiqdir.
Xəlil Aslanov;
Neftçala rayonu, Şəhid atası


