Gənclər problemləri yaradan yox, onları həll edən qüvvə olmalıdırlar.
Bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov iyunun 4-də “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada mövcud olan iqlim dəyişikliyi problemləri, bərabərsizlik, münaqişələr insanlardan kollektiv səyləri tələb edir: “Gənclər də dünyadakı bu çağırışları qəbul etmək üçün potensial qüvvədirlər. Gənclər bizim gələcəyimiz olmalıdır. Onlar dəyişiklikləri gətirən qüvvə olmalıdırlar. Gənclər insan kapitalıdırlar və insan kapitalı da cəmiyyətimizi gücləndirir. Azərbaycan və onun bacarıqlı rəhbərliyi gənclər siyasəti ilə bağlı çox böyük işlərə imza atıblar”.
H.Nəsibov bildirib ki, Şuşanın gənclər paytaxtı seçilməsi də bu fəaliyyətin effektiv təzahürüdür: “Biz gənclərə yol açmal, onları liderə çevrilməliyik. Gənclər problemləri yaradan yox, onları həll edən qüvvə olmalıdırlar”. (Report)


