Gəncədə bıçaqlanaraq qətlə yetirilən 11-ci sinif şagirdi Raul Rəhimovun dərsə davamiyyəti yaxşı olub.
O, səhər saatlarında dərsə gedən zaman məktəbin qarşısında bir bıçaq zərbəsi ilə ağır xəsarət alıb.
Məktəbli ağır halda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlərin göstərdikləri yardımlara baxmayaraq, o ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən Fərid adlı şəxsin yaxınlarından biri 8 nömrəli məktəbin əməkdaşı olub, sonradan yaşla əlaqədar işindən çıxıb. Hadisəni törədən şəxsin digər məktəblərdən birində oxuduğu bildirilir.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidməti sözügedən hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, Gəncədə məktəbin önündə şagirdin bıçaqlanması faktı ilə əlaqədar cinayət işi açılıb:
“Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.
Nəticəsi barədə əlavə məlumat veriləcək”.


