Hazırda Prezident İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı bir sıra layihələrin icrası barədə tapşırıq verilib.
BAKU.NEWS bildirir ki, bu layihələr sırasında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının tikintisi və bölgəyə turizm marşrutlarının işlənib hazırlanması da yer alıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, işğaldan azad olunmuş Füzuli rayonu ərazisində “Füzuli Beynəlxalq hava limanının tikintisi” layihəsi üzrə tikinti işləri yerinə yetiriləcək.
Hazırda hava limanının aerodrom ərazisinin 250 min kvadratmetr sahəsinin minalardan təmizlənməsi ilə bağlı xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən tədbirlər həyata keçirilir. Ərazinin minalardan təmizlənməsinin sürətləndirilməsi üçün İngiltərə istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal “AARDVARK” modelli mexanizm alınaraq əraziyə gətirilib və hazırda çalışır.
İlk növbədə “Füzuli Beynəlxalq hava limanı”nda uzunluğu 3000 metr, eni 45 metr olan asfalt-beton örtüklü uçuş-enmə zolağının tikintisinə peşəkarlığı ilə seçilən və müasir texniki bazaya malik olan “AzVirt” MMC şirkəti tərəfindən başlanılıb. Layihəyə əsasən, ümumilikdə 238 min kvadratmetr sahədə asfalt-beton örtüklü uçuş-enmə zolağı, yönəldici yol və perronun tikintisi planlaşdırılır.
FOTO: Zaur Mustafayev






















































