Ramazan bayramına sayılı günlər qalır. Bu günlərdə hər bir müsəlmanın boynuna gələn vacibatlardan biri də fitrə zəkatı çıxarmaqdır. Hər bir şeyin zəkatı olduğu kimi insan bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməkdir. Bu mənada insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatını verməzsə, orucu qəbul olmaz. İmam Sadiq(ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.
Qafqaz Müsəlmanları İdarəsininin sədr müavini Fuad Nurullayev BAKU.NEWS-a bildirib ki, fitrə zəkatının həcmi şəriət qaydalarına görə, ən çox istifadə edilən ərzaq məhsulunun dəyəri ilə hesablanır.
Onun sözlərinə görə, fitrə zəkatını buğda, un, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullarla, eləcə də pul şəkilində vermək olar.
“Belə ki, ailədə adambaşına bu məhsullardan 3 kiloqram olmaqla fitrə zəkatı verilə bilər. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il bu zəkatın ailənin hər üzvü üçün orta hesabla 10-15 manat verilməsi məqsədəuyğundur.
Fitrənin pul şəkilində tövsiyə olunmasının əsas səbəbi ehtiyacı olan şəxslərin pulu ehtiyaclarına, övladlarının təhsilinə, geyiminə və.s xərcləyə bilməsidir”, – F.Nurullayev deyib.
Onun szölərinə görə, builki təqvimə əsasən Qafqaz Müsəlmanları İdarəsininin Şamaxı Astrofizika Rəsədxanasına göndərdiyi sorğu əsasında aprel ayının 21-i Ramazan bayramı gözlənilir.
“Belə olduqda aprelin 20-i bir insan fitrə zəkatını çıxarmalıdır. Fitrə zəkatını müsəlman olan hər kəs çıxarmalıdır. Oruc tutanlar da, tutmayanlar da. İlk növbədə ətrafınızda olan imkansızlara fitrə zəkatı verməlisiniz, sonra başqalarına. Dərmana ehtiyacı olan qazilərimiz var ki, onlara da kömək oluna bilər. Şəhid ailələrindən də ehtiyacı olanlar var. Və bütün bunları kiminsə qəlbinə toxunmadan etmək lazımdır”, – deyə QMİ rəsmisi qeyd edib.
Qeyd edək ki, özünün və ailəsinin illik qazancını təmin edə bilməyən və təmin etmək üçün işi, qazancı, ticarəti də olmayan fəqirdir və fitrə zəkatı ona vacib deyil. Əgər ailədə bir nəfərin fitrəsini çıxarmağa imkan çatırsa, qalanlarının fitrəsini çıxarmağa imkanı olmasa, özünün fitrəsini çıxarıb həyat yoldaşına versin. Həyat yoldaşı da ondan alıb uşağına və beləcə bir ailədə onu bir-birinə ötürdükdən sonra axırda onu aparıb müstəhəqqə (fitrə düşənə) çatdırmaq olar.


