Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Nağıqızı Hüseynovanın bu gün – noyabrın 4-də 66 yaşı tamam olur.
Mahirə Hüseynova 1960-cı il noyabrın 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. 1978-ci ildə Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbi bitirib.
1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Filologiya fakültəsinə qəbul olunub. 1984-cü ildə ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə başa vuran Mahirə Hüseynova həmin ildən pedaqoji fəaliyyətə başlayıb. Əvvəlcə Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 1 saylı orta məktəbdə, daha sonra isə Bakı şəhərində G.Əsgərova adına 43 saylı məktəb-lisey kompleksində ixtisası üzrə çalışıb.
Pedaqoji fəaliyyəti dövründə əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülüb. 2003-cü ildə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olub və I dərəcəli diplomla təltif edilib.
2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyətini davam etdirən Mahirə Hüseynova 2012-ci ilin yanvarında “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2015-ci ilin mayında “Müasir Azərbaycan dili” kafedrasının dosenti, həmin ilin dekabrında isə kafedra müdiri vəzifəsinə seçilib. Hazırda ADPU-nun Filologiya fakültəsinə rəhbərlik edir və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini daşıyır.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mahirə Hüseynova Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə elmi araşdırmalar aparır. O, 26 elmi kitabın – monoqrafiya, dərslik və metodik vəsaitin, 5 proqramın, eləcə də 14 bədii kitabın müəllifidir. Elmi və publisistik məqalələri respublikanın nüfuzlu jurnallarında, həmçinin xarici mətbuatda dərc olunub. Onun 400-ə yaxın elmi və publisistik məqaləsi işıq üzü görüb.
Elmi fəaliyyəti ilə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olan Mahirə Nağıqızı imzası ilə tanınan professor Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun 14-ə yaxın şeir kitabı və iki bayatılar kitabı nəşr olunub. Beləliklə, o, elmi araşdırmalarla yanaşı, poeziyaya da özünəməxsus töhfələr verir.
Mahirə Hüseynovanın fəaliyyəti müxtəlif mükafatlarla qiymətləndirilib. O, “Qızıl qələm” və “İlin Alimi” Media Mükafatlarının laureatı, “Respublikanın qabaqcıl təhsil işçisi” döş nişanının sahibi, “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibidir.
Elmi tədqiqatları, pedaqoji fəaliyyəti və bədii yaradıcılığı ilə Azərbaycan elminə, təhsilinə və ədəbiyyatına töhfə verən Mahirə Nağıqızı bu gün ömrünün 66-cı ilini qeyd edir.
TREND
- “Yelo Bank”ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq
- AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir
- Elmdən poeziyaya uzanan ömür yolu: Mahirə Nağıqızının 66 yaşı tamam olur
- “Zəfərimizin bu günü və sabahı neftçilərin əməyindən asılıdır”- hasilatda çalışan müharibə veteranları tarixi Qələbənin ildönümünü qeyd edir
- Şəhidlərimizin əmanətləri daim diqqət mərkəzindədir – FOTOLAR
- Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür
- Onlayn ticarətdə qaydalar dəyişir: “Köhnə satıcılar” üçün çətin günlər başlayır
- BDYPİ-nin dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciəti!


