Deputat Razi Nurullayev istifadədən çıxarılan mobil nömrələrin yenidən başqa abonentlərə verilməsi zamanı şəxsi məlumatların qorunması üçün vahid təhlükəsizlik standartlarının tətbiqini təklif edib. Bu barədə deputat Milli Məclisdə çıxışı zamanı deyib.
O bildirib ki, mobil nömrələr bank hesablarına, sosial şəbəkələrə, elektron poçta və müxtəlif dövlət xidmətlərinə giriş və hesabların bərpası üçün istifadə olunduğundan, onların təkrar dövriyyəyə buraxılması informasiya təhlükəsizliyi baxımından qiymətləndirilməlidir.
Deputatın sözlərinə görə, əvvəlki istifadəçi hesablarında mobil nömrəsini dəyişmədikdə, həmin nömrə yeni abonentə verildikdən sonra yeni istifadəçi əvvəlki abonentə ünvanlanan təsdiq mesajları və digər məlumatlarla qarşılaşa bilər. Bu isə şəxsi məlumatların məxfiliyi və mümkün dələduzluq halları ilə bağlı risklər yaradır.
Nurullayev hesab edir ki, nömrələr yenidən istifadəyə verilməzdən əvvəl müəyyən karantin müddəti tətbiq edilə, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün əlavə qoruyucu mexanizmlər yaradıla bilər.
O, həmçinin mobil operatorlar, banklar, elektron xidmət təminatçıları və sosial platformalar arasında nömrə dəyişdirildikdə hesabların təhlükəsizliyinin qorunmasına yönələn əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Deputat vətəndaşların da məlumatlandırılmasını vacib sayıb. Onun sözlərinə görə, istifadəçilər nömrədən imtina etməzdən əvvəl bank, sosial şəbəkə və digər elektron hesablarında əlaqə vasitələrini dəyişməlidirlər.
“Telefon nömrəsi artıq sadəcə nömrə deyil – bir çox hallarda insanın rəqəmsal kimliyinə giriş açarıdır. Bu səbəbdən onun yenidən dövriyyəyə buraxılması da yalnız kommersiya və texniki məsələ kimi deyil, informasiya təhlükəsizliyi məsələsi kimi qiymətləndirilməlidir”, – Nurullayev bildirib. (Anews)
TREND
- “20 Sentyabr” stansiyasının istismara veriləcəyi vaxt AÇIQLANDI
- Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi
- “DOST Müfəttiş” layihəsinin iştirakçısı öz təcrübəsini bölüşüb – VİDEO
- Deputat mobil nömrələrin təkrar satışı ilə bağlı təklif verib
- Qubaya çatana kimi radio tezliyi azı 3 dəfə dəyişir – deputatdan irad
- Hər şagirdə 30 saniyə vaxt düşür – deputat məktəbdəki problemdən danışdı
- Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
- Yeni icra başçısı kollektivə təqdim olundu


