Yay mövsümündə sərinləmək və istirahət üçün ən yaxşı üsullardan biri də çimərliklərə getməkdir. Bu səbəbdən yay aylarında vətəndaşlar vaxtaşırı dənizə üz tuturlar. Amma nəzərə almaq lazımdır ki, bəzi infeksion xəstəliklərə dənizdə yoluxma ehtimalı daha çox olur.
Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Gülnar Axundzadə BAKU.NEWS-a bildirib ki, immun sistemi daha aşağı olan şəxslərdə bu xəstəliklərə yoluxma riski daha yüksək olur:
“Çimərliklərdə infeksion xəstəliklərə yoluxma riski var. Xüsusən də uşaqlar, yaşlılar, immun sistemi daha aşağı olan şəxslərdə bu xəstəliklərə yoluxma riski daha yüksək olur. Ən çox bilinən fekal-oral yolla yoluxan infeksion xəstəliklərdir. Daha çox rast gəlinən isə bağırsaq infeksiyalarıdır. Bu zaman hərarətin yüksəlməsi, ishal, qusma müşahidə olunur. Bu da daha çox uşaqlarda rast gəlinir. Bundan başqa çimərliklərdə selikli qişaların xəstəliklərinə də yoluxma çox olur. Məsələn, konyunktivit – gözün selikli qışasının iltihabına yoluxma ola bilər. Əgər dəridə hər hansı zədələnmə, kəsik və s. açıq hissə varsa, həmin sahədən infeksiyanın yoluxma ehtimalı daha yüksək olur. Fekal-oral yolla yoluxan viruslardan biri olan Hepatit A-ya da suda varsa, yoluxma ehtimalı ola bilər. Bundan başqa cinsi orqanların infeksiyaları, sidik yolları infeksiyalarına da rast gəlinir. Bu xəstəliklər immun sistemi aşağı olan, xroniki xəstəliyi olan şəxslərdə daha ağır müşahidə olunur”.
Gülnar Axundzadənin qeyd edir ki, dənizə gedərkən çirkli sulara girməmək, gigiyenik qaydalara əməl etmək, dənizi çirkləndirməmək lazımdır:
“Dənizə gedərkən bu viruslardan qorunmaq üçün xüsusi bir meyar yoxdur. Amma icazə verilən çimərliklərə getmək məsləhətlidir. Dəniz kənarının hər hissəsi çimərlik deyil. Suyun təmizliyi, tərkibində bakteriyalar, fekal-oral yolla keçən qurd xəstəlikləri gözlə görünən olmadığı üçün hər hansı virus, bakteriyaların olub-olmadığını bilmək olmur. Ona görə də yalnız icazə verilən, təmizliyindən əmin olduğumuz çimərliklərdən istifadə etmək lazımdır. Əgər su çirklidirsə, hava küləklidirsə, suya girməmək məsləhətdir. Gigiyenik qaydalara əməl etmək lazımdır. Ən vacib amillərdən biri də dənizi çirkləndirməməkdir. Hansısa şəxsdə bir yoluxucu xəstəlik varsa və bunu bilirsə, bu zaman ictimai çimərliklərdən istifadə etməməlidir”.
S.Kərimova


