“Aktyor Müşviq Şahverdiyev böhtan xarakterli məlumatlar yaymaqla, hakimlərə təzyiq etmək istəyir”.
BAKU.NEWS Axşam.az-a istinadla xəbər verir ki, bu sözlər “Cinemazadeh” MMC-nin yaydığı açıqlamada yer alıb. Şirkət aktyor Müşviq Şahverdiyevlə yaşadıqları qalmaqalla bağlı yazı yayıb.
Bildirilib ki, son günlər “Cinemazadeh” MMC və aktyor Müşviq Şahverdiyev arasında Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatında olan işlə bağlı aktyor tərəfindən qalmaqala səbəb olan müsahibələr verilib və çıxışlar edilib:
“Onun sosial media, eyni zamanda verilişlərdə verdiyi və verməkdə davam etdiyi birtərəfli, qərəzli məlumatların insanlarda bu məsələ ilə bağlı səhv fikirlər yaratdığını nəzərə alaraq “Cinemazadeh” MMC məsələyə münasibət bildirməyi zəruri hesab edir.
Belə ki, “Cinemazadeh” MMC və Müşviq Şahverdiyev arasında bağlanmış müqavilə üzrə sonuncunun öhdəlikləri icra edilməyib. Bununla əlaqədar tərəflər arasında fikir ayrılığı və mübahisə olduğundan “Cinemazadeh” MMC problemin məhkəmədən kənar qaydada tərəflər arasında həll edilməsi üçün zəruri olan bütün addımları atıb. Dəfələrlə yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün Müşviq Şahverdiyevlə danışıqlar aparılmasına çalışsaq da, o, məsələnin sülh yolu ilə həllindən imtina edib və bizə məhkəməyə müraciət etməyi məsləhət görüb. Buna görə də Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq “Cinemazadeh” MMC yaranmış mübahisənin həll edilməsi üçün qarşı tərəfi məhkəməyə verib. Aktyorun mətbuata verdiyi açıqlamadan fərqli olaraq bildiririk ki, iddia məbləği 90 000 manat deyil, 24 300 manatdır. Bu məbləğ göstərəcəyi xidmət müqabilində ona ödənilmiş avansdır. Müşviq Şahverdiyev müqavilə öhdəliyini icra etmədiyi üçün həmin məbləğ ondan geri tələb edilir”.
Məqalədə Müşviqin aktyor Məcid Hüseynovla “Cinemazadeh” arasındakı məhkəmə və şirkətin uduzması ilə bağlı açıqlamasına da aydınlıq gətirilib:
“Məcid Hüseynovla şirkət arasında olan anlaşılmazlıq ümumiyyətlə, məhkəmə səviyyəsində həll olunmayıb. Ərizə ilə məhkəməyə müraciət edən aktyor sonradan qarşılıqlı anlaşma əsasında şikayətini geri götürüb.
Müşviq Şahverdiyevin “Cinemazadeh” şirkətinin onu məhkəməyə verdiyini KİV-dən öyrəndiyini bildirməsi də daha bir yalandır. Belə ki, dəfələrlə ona müraciət edilib, məsələnin öz aralarında yoluna qoyulması üçün xahiş olunub. Cavabında isə o, müraciət edən tərəfi söyüşlərlə təhqir edib. Özü tələb edib ki, şirkət məhkəməyə müraciət etsin. O, şirkətə olan borcunu qaytarmayacağını bildirib.
Həmçinin, verdiyi müsahibələrdə hakimin işə ədalətsiz və qərəzli yanaşdığını, əsassız və qeyri-qanuni qərar qəbul etdiyini bildirsə də, bu məlumatlar böhtandan başqa bir şey deyil. Bu qeyri-qanuni hərəkətləri etməkdə Müşviq Şahverdiyevin niyyəti və məqsədi işə baxan hakim Ülkər Həsənovaya qarşı “qara piyar” kampaniyası başlatmaq, onu mənfi səciyyələndirilən şəxs kimi qələmə verməkdir.
Belə ki, tərəflər arasında mübahisə hələ bitməyib və davam edir. Bu yolla aktyor həm Bakı Apellyasiya Məhkəməsinin hakimlərinə, həm də tərəflər arasında olan digər məhkəmə mübahisələrinə baxan hakimlərə onun xeyrinə qərar qəbul etməyəcəkləri halda böhtan xarakterli məlumatları yaymaq yolu ilə onları ictimaiyyətin gözündə ləkələyəcəyini və adlarını müxtəlif şəkildə hallandıracağını göstərməklə hakimlərə təzyiq və təsir etmək niyyətindədir”.


