Mədə möhtəviyyatının qida borusuna geri atılması və onu zədələməsi reflüks xəstəliyi adlandırılır. Reflüks xəstəliyi tez-tez rast gəlinən xəstəliklərdən sayılır.
Bu barədə BAKU.NEWS-a Nərimanov Tibb Mərkəzinin Qastroentrologiya şöbəsinin müdiri Gülnarə Həmidova məlumat verib.
Onun sözlərinə görə, reflüks zamanı mədədəki maddələr qida borusuna atılır, bu isə normal deyil, belə ki, qida borusu, qidanın geriyə deyil, mədəyə daxil etmək funksiyasını daşıyan orqandır.
Özü-özlüyündə qastroezofageal reflüks patoloji proses deyil. Sağlam adamda reflüks gün ərzində bir neçə dəfə rast gəlinə bilər (məsələn, yağlı yeməkdən sonra). Yəni, günə bir-iki reflüks normal sayılır. Lakin reflüks müntəzəm olaraq özünü göstərirsə və bu, mədədəki maddələrin çoxlu miqdarda xaric olunması ilə müşayiət olunursa, artıq söhbət ciddi patologiyadan gedir. Belə əlamətlər qida borusu iltihabına və bir sıra başqa simptomlara gətirib çıxara bilər.
Reflüks daha çox yaşlı insanlara aid xəstəlikdir, kişilərdə qadınlara nisbətən 2 dəfə çox rast gəlinir.
Reflüks xəstəliyi – risk faktorları
Reflüks xəstəliyinin yaranmasına bir sıra faktorlar səbəb ola bilər.
Buraya aiddir:
Mədənin xora xəstəliyi və ya qastrit;
Diafraqmanın qida borusu hissəsinin yırtığı;
Aşağı qida borusu sfinkterinin tonusunu aşağı salan preparatların qəbulu.
Bundan başqa, aşağıdakıların yan təsirləri də reflüks xəstəliyinə təkan verə bilər:
Tütün istifadəsi;
Hamiləlik;
İnfeksion xəstəliklər;
Mədə şişləri;
Xroniki pankreatit və ya xolesistit;
Spirtli içkilər və s.
Reflüksun diaqnostikası bu cür aparılır
Reflüks xəstəliyinə şübhə yaranarsa, xəstəliyin ağırlıq dərəcəsini müəyyənləşdirmək məqsədilə bir sıra diaqnostik prosedurların həyata keçirilməsi vacibdir. Əsas prosedur – qida borusu səthinin və mədənin endoskop vasitəsilə müayinəsidir. Həmçinin, rentgenoloji müayinə, mədə daxili maddələrin turşuluğunun müəyyənləşdirilməsi, manometriya, billimetriya, stintiqrafiya və s. tətbiq oluna bilər.
S.Kərimova


