Karpal tunel, insan əlinin ovucunda sümük və bağlarla əhatə olunmuş dar bir kanaldır. Median sinir deyilən karpal tuneldəki sinirə təzyiq tətbiq edilməsi, əllərdə və qollarda uyuşma, cizilti və zəiflik hallarına karpal tunel sindromu deyilir.
Bu barədə BAKU.NEWS-a Nərimanov Tibb Mərkəzinin Nevrologiya şöbəsinin müdiri Sevda Qurbanova deyib.
O bildirib ki, karpal tunel sindromu qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir və xüsusən dominant əldə, əl işi görən insanlarda çox müşahidə olunur. Köklük, hamiləlik, polineyropatiya, şəkərli diabet, amiloidoz, akromeqaliya, revmatoidli artrit, hipotireoz və s. kimi hallar karpal tunel sindromuna səbəb ola bilər. Karpal tunel sindromunun kliniki simptomları Əldə olan uyuşuqluq, keyimə şəklində paresteziya və ağrı hissi ilkin şikayətlərdəndir.
Uyuşuqluq adətən ilk üç barmaqda hiss edilir, lakin bütün əldə də ola bilər. Parasteziya və ağrı adətən təkrari əl hərəkətlərində artar. Xəstələr tipik olaraq gecə yarısı qeyd olunan simptomlarla yuxudan oyanar (noktural paresteziyalar).
Diaqnostikası Karpal tunel sindromu kliniki dəyərləndirildikdən sonra elektroneyromioqrafiya müayinəsi vasitəsilə diaqnozu qoyulur.
Karpal tunel sindromunun müalicəsi sinir sıxılmasının ağırlıq dərəcəsinə əsasən təyin olunur.
Çox xəfif sinir sıxılmasında biləyə rahat pozisiya verilməsi və biləklik kifayət edə bilər. Orta dərəcə sinir sıxılmaların əsasən konservativ müalicəyə tabe olduqları halda, ağır dərəcədə olan sinir sıxılmalarına cərrahi dekompressiya məsləhətdir.
S.Kərimova


