Kəlbəcər rayonunun işğaldan azad edilməsi, Azərbaycanın döyüş meydanında zəfəri ilə paralel, həm də diplomatik müstəvidə qələbəsinin təsdiqi idi.
44 günlük davam edən Vətən Müharibəsinin sonunda əldə olunmuş tarixi Zəfərimiz Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Bu Qələbə, həm də hər bir azərbaycanlının xatirəsində dərin izlər buraxdı. Düşmənin yaratdığı “məğlubedilməz ordu” Azərbaycanın igid, cəsur, qəhrəman oğullarının qarşısında cəmi 44 gün tab gətirə bildi. Düşmən döyüş meydanında diz çökərək, kapitulyasiya aktını imzalamağa məcbur oldu. 10 noyabr tarixində imzalanan Üçtərəfli Bəyanata əsasən düşmən işğal altında saxladığı Kəlbəcər, Ağdam və Laçın rayonlarını qeyd-şərtsiz öz əzəli sahiblərinə qaytarmağa razı salındı. Kifayət qədər geniş bir ərazinin bir güllə belə atılmadan azad edilməsi Ölkə başçısı cənab İlham Əliyevin hərb meydanında əldə etdiyi qələbə ilə paralel, həm də diplomatik müstəvidə nail olduğu zəfərlərindən ən ümdəsi idi.
Faktiki kapitulyasiya aktına uyğun olaraq qeyd-şərtsiz azad edilən rayonlarından biri də, füsünkar təbiətə malik, ölkəmizin strateji cəhətdən ən mühüm rayonlarından biri olan Kəlbəcər rayonu idi. 25 noyabr 2020-ci il tarixində düşmən Kəlbəcəri tamamilə tərk etdii. Bəli, bu tarixi günü kəlbəcərlilər, bütün xalqımız düz 27 il idi ki, gözləyirdi. Müzəffər Ali Baş Komandan Kəlbəcər şəhərinin azad olunduğu gün xalqa müraciətində qeyd edirdi: “Biz öz ərazilərimizi azad etməklə, həm də erməni faşizmini məhv etdik”. Bəli Azərbaycan Ordusu Erməni təcavüzünə son qoymaqla paralel, həm də bəşəriyyəti növbəti faşizm istilasından, əsarətindən xilas etdi. Düşmən əsrarəngiz təbiətə malik Kəlbəcəri işğalda saxlamaqla orada böyük ekoloji və mədəni terror həyata keçirmişdi. Kəlbəcərin göz oxşayan təbiəti düz 27 il Ermənistan tərəfindən məhv edilirdi. Buranın təbiəti ilə yanaşı onun malik olduğu resursları, təbii ehtiyatları, qızıl yataqları vəhşicəsinə, qanunsuz olaraq yağmalanmaqda idi.
Əlbəttə ki, düşmən törətdiyi terrora, vəhşiliyə, vandalizmə görə cavab verəcəkdir. Statistik məlumatlara istinad edərək deyə bilərik ki, düşmən 1993-cü ilin aprel ayının 3-dən, yəni Kəlbəcəri işğal edtiyi gündən 2020-ci ilin 25 noyabr tarixinədək rayon ərazisində 13000 fərdi yaşayış evini yararsız hala salaraq məhv etmiş, 37852 hektar meşə sahəsini isə talan etmişdir. Həqiqətən də bu bir faşizm nümunəsidir, ekoloji mühitə qarşı edilmiş bir vandalizmdir. Artıq o günlər geridə qalıb, düşmən istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə öz layiqli cavabını və yerini alıb. Bu gün bir zamanlar işğald altında olmuş rayonlarımız azaddır və hər qarış Vətən torpağında üç rəngli bayrağımız dalğalanır. Bir sözlə bizə mənsub olan özümüzə qayıdıb. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə noyabr ayının 25-i tarixi Kəlbəcər Şəhər Günü kimi qeyd edilir.
Bu çox əlamətdar bir hadisədir. Bizlər bu tarixi düz 30 il gözləmişdik. Bu gün biz artıq Qalib dövlətin qalib vətəndaşlarıyıq. Şərəfli günləri, qalibiyyət hissini bizlərə yaşadan Şəhidlərimizi Allah rəhmət eləsin. Həqiqətən də 44 günlük Vətən Müharibəsində igid oğullarımız hərb tarixinə düşəcək bir qəhrəmanlıq səlnaməsi yazdılar. Bir daha bütün Azərbaycan xalqını, kəlbəcərliləri bu əlamətdar gün münasibətilə təbrik edirik!.
Amid Şahbazov;
Neftçala rayon gənci, Vətən Müharibəsi qazisi


