19 oktyabr 2026-cı il tarixində Beynəlxalq Aşpazlar Günü münasibətilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Şeflər istilik bəxş edir” şüarı altında inklüziv uşaqlar üçün xüsusi kulinariya tədbiri və bayram ziyafəti təşkil olunub.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Bakı Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi uşaqlara sevinc bəxş etmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, sağlam qidalanmanı təşviq etmək və cəmiyyətdə inklüzivlik dəyərlərini gücləndirmək olub.
2018-ci ildən etibarən Bakı Kulinariya Assosiasiyası Beynəlxalq Aşpazlar Günü münasibətilə şəhid övladları, valideyn himayəsindən məhrum uşaqlar və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial-kulinariya tədbirləri təşkil edərək bu ənənəni davam etdirir.
Tədbir çərçivəsində peşəkar şeflərin iştirakı ilə kulinariya üzrə ustad dərsi keçirilib, müxtəlif təamlar təqdim olunub, musiqili proqram, interaktiv oyunlar və uşaqlar üçün əyləncəli fəaliyyətlər təşkil edilib. Bayram ziyafəti uşaqlara xoş anlar yaşadıb, iştirakçılar arasında səmimi ünsiyyət, sevinc və birlik mühiti yaradıb.
Worldchefs — WACS Beynəlxalq Aşpazlar Assosiasiyasının “Food Explorers” — “Qidanı Kəşf Edənlər” proqramı çərçivəsində sağlam qidalanmanın təşviqi, müxtəlif ərzaq məhsullarının tanıdılması, kulinariya bacarıqlarının inkişafı və qidaya məsuliyyətli yanaşmanın formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Bakı Kulinariya Assosiasiyası üçün aşpazlıq yalnız yemək hazırlamaq sənəti deyil, həm də Azərbaycan milli mətbəxinin zəngin irsini tanıtmaq, milli kulinariya dəyərlərini gələcək nəsillərə ötürmək, insanlara sevgi, qayğı və xoşbəxtlik bəxş etmək vasitəsidir.
Hər bir uşağın diqqətə, bərabər imkanlara və xoşbəxt uşaqlığa layiq olduğu prinsipinə əsaslanan bu təşəbbüs inklüziv cəmiyyətin inkişafına, sosial həmrəyliyin gücləndirilməsinə və humanist dəyərlərin təşviqinə töhfə verir.
Bu tədbir bir daha nümayiş etdirib ki, kulinariya insanları bir araya gətirən, fərqlilikləri birləşdirən, milli mədəniyyəti yaşadan və paylaşma ənənəsini gücləndirən universal bir dildir.
















