“GL” ASC (“Sizin Lombard”) 2025-ci ili 5 milyon 50 min manat xalis mənfəətlə başa vurub.
Bu, 2024-cü illə müqayisədə 2 milyon 15 min manat və ya 66,4% çoxdur. Belə ki, şirkət 2024-cü ildə 3 milyon 35 min manat xalis mənfəət əldə etmişdi.
Hesabata əsasən, lombardın faiz gəlirləri il ərzində 19 milyon 486 min manatdan 24 milyon 349 min manata yüksələrək 25% artıb. Xalis faiz gəlirləri isə 14 milyon 34 min manatdan 17 milyon 667 min manata çatıb ki, bu da 25,9%-lik artım deməkdir.
Bundan başqa, şirkətin vergidən əvvəlki mənfəəti 3 milyon 911 min manatdan 6 milyon 417 min manata yüksəlib və 64,1% artım qeydə alınıb. Haqq və komissiya gəlirləri isə təxminən 6 dəfə artaraq 202 min manatdan 1 milyon 240 min manata çatıb.
Şirkətin əldə etdiyi mənfəət səhmdarın gəlirlərinə də təsir edib. Belə ki, “GL” ASC-nin yeganə səhmdarı Fərman Eldar oğlu Quliyevə 2025-ci ilin nəticələri üzrə 3 milyon 743 min manat dividend ödənilib. 2024-cü ilin nəticələrinə görə bu məbləğ 3 milyon 105 min manat olmuşdu. Beləliklə, sahibinin dividend gəliri 638 min manat və ya 20,5% artıb.
Son iki ildə Fərman Quliyevin dividend gəliri 6,8 mln. manatdan çoxdur.
Dividend ödənişindən sonra şirkətin bölüşdürülməmiş mənfəəti 1 milyon 913 min manatdan 3 milyon 220 min manata, ümumi kapitalı isə 2 milyon 167 min manatdan 3 milyon 474 min manata yüksəlib.
Qeyd edək ki, “GL” ASC 2016-cı ildən “Sizin Lombard” brendi ilə fəaliyyət göstərir və qızıl girovu əsasında qısamüddətli kreditlər təqdim edir. Şirkətin ölkə üzrə 50-dən çox filialı fəaliyyət göstərir. Fərman Quliyev “GL” ASC-nin (“Sizin Lombard”) 100% səhmdarı və benefisiar sahibidir. O, həmçinin atası Eldar Quliyevlə birlikdə “Para” Bank Olmayan Kredit Təşkilatının (BOKT) səhmdarları sırasındadır.


