Ali Məhkəmədə müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alan 39 hakimin andiçmə mərasimi olub.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin əlçatanlığının artırılmasına və hakim korpusunun peşəkar kadrlarla komplektləşdirilməsinə mühüm töhfələr verib.
Diqqətə çatdırılıb ki, hakimlik böyük məsuliyyət və yüksək mənəvi keyfiyyətlər tələb edən şərəfli peşədir. Hər bir məhkəmə qərarının arxasında insan hüquqlarının və talelərinin dayandığını bildirən sədr hakimlərə fəaliyyətlərində qanunun aliliyini, müstəqillik, qərəzsizlik və ədalət prinsiplərini rəhbər tutmağı, hakim adının şərəfini və nüfuzunu qorumağı tövsiyə edib.
Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən and içiblər.
Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.
Daha sonra yeni təyin olunmuş hakimlər Nuranə Məmmədova və Səbuhi Abbasov çıxış edərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.
TREND
- Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək
- Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
- Ali Məhkəmədə yeni təyin olunmuş hakimlər and içiblər
- Laos Prezidenti Azərbaycanda
- İordaniyaya getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib
- Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb – Sentyabrın qiymətləri
- AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb


