Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Akif Qədir oğlu İslamzadə “Şöhrət” ordeni ilə təltif edilib.
BAKU.NEWS-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, A.İslamzadə 1948-ci ilin avqustun 8-də Bakıda anadan olub. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, “Sarı gəlin” və “Bu gecə” diqqətləri cəlb edib.
1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.


