Zərərli vərdişlərin təsirindən baş verən xəstəliklər orqanizmin daxili mühitini pozur və müxtəlif xarakterli xəstəliklərin inkişaf etməsinə səbəb olur. Bu zaman orqanizmin müqavimət qabiliyyəti azalır, xəstəliyin gedişinə psixogen amillərin təsiri güclənir.
BAKU.NEWS xatırladır ki, sağlam həyat tərzinin tam əksinə olan və qeyri-sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlər nəinki insanın özünə, onun ailəsinə, ətrafına və yaşadığı cəmiyyətə ciddi ziyan vurur. Təəssüf ki, zaman keçdikcə bu vərdişlərin forma və sayı getdikcə artır və insan cəmiyyətinə öz mənfi təsirlərini göstərir…
Spirtli içkilərin, siqaret və narkotik vasitələrin qəbulu zərərli vərdişlərin ən geniş yayılmış formalarındandır. Bu vərdişlər insanın bütün fəaliyyətini özündən asılı vəziyyətə salır. Zərərli vərdişlərin təhlükəli xüsusiyyəti insanda bu vasitələrdən asılılıq yaratması, insanın bu vasitələrsiz keçinə bilməməsidir. Daha təhlükəli asılılıq yaradan spirtli içkilər, narkotik vasitələr, insan orqanizminə öldürücü təsir göstərən toksiki və psixotrop maddələrdir. Bu vasitələrdən istifadə nəinki insanın sağlamlığını, onun sosial və maliyyə həyatını da məhv edir.
Zərərli vərdişlər dövrü xarakter daşıyarsa, nəticədə alkoqolizm, narkomaniya, toksikomaniya kimi xəstəliklərə çevrilir.
Siqaret aludəçiliyi də orqanizmdə ciddi asılılıq yaradır. Siqaretin tərkibində olan nikotin və bir sıra toksiki təsirə malik maddələr orqanizmə kompleks təsir edərək müxtəlif xəstəliklər əmələ gətirir. Tütün zəif stimulyator və antidepressant maddə kimi mərkəzi sinir sisteminə təsir göstərir. Gündə 2-3 paket siqaret insan orqanizminə dərman vasitələrindən çox psixotoksiki təsir göstərir. Bu təsir gənc yaşlarda daha təhlükəli xarakter daşıyır, beyni dumanlandırır, insanın davranışında dəyişiklik yaradır.
Siqaret aludəçiliyi bir çox xəstəliklərə – ağciyər xərçəngi, mədə xorası, miokard infarktı, hipertoniya və s. xəstəliklərinə yol açır.
Ü.Abdullayeva


