“Vətəndaşları aldadan tikinti şirkətləri rəhbərləri cinayət məsuliyyətinə cəlb edilir, amma zərərçəkənlərə nə ev verilir, nə də pulu qaytarılır”.
BAKU.NEWS xəbər verir ki, “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda keçirilən konfransda Milli Məclis deputatı Jalə Əhmədova bildirib.
O qeyd edib ki, bölgələrdə tikinti işlərinə böyük təlabat var, amma şirkətlər bu ərazilərdə az qazandığı üçün maraqlı deyillər: “Sahibkarlar bürokratik əngəllərdən şikayət edirlər. Tikinti işlərinin aparılması süni şəkildə uzadılır”.
Deputat deyib ki, vətəndaşla tikinti şirkəti arasında bağlanan müqavilələrdə boşluqlar var: “Tikinti şirkətləri boşluqlardan öz maraqları üçün istifadə edirlər”.
Deputatın sözlərinə görə, Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlı şikayətlər artıb və vətəndaşlar bu qurumdan müvafiq sənədi ala bilmirlər.


