Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilir.
İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.NEWS-a açıqlamasında bildirib ki, rəhbərliyin göstərişinə əsasən YPX əməkdaşları tərəfindən xanımlara hədiyyələr təqdim olunur. Hər il olduğu kimi küçələrdə təmizlik aparan xanımlar ilk olaraq təbrik edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb və müxtəlif hədiyyələr təqdim olunub. Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.
Bununla yanaşə şəhərin küçə və prospektlərində,xüsusilə də mərkəzi yollarda sükan arxasında olan onlarla qadın sürücü saxlanılıb. Polis əməkdaşları həmin sürücüləri, eləcə də nəqliyyat vasitəsində olan digər zərif cinsin nümayəndələrini, azyaşlıları təbrik edərək onlara gül və müxtəlif hədiyyələr veriblər.
Keçirilən tədbir zamanı xanım piyadalar da diqqətdən kənarda qalmayıb. Asayiş keşikçiləri onları da bayram münasibətilə çiçək və müxtəlif hədiyyələrlə təbrik ediblər.
Qeyd edək ki, aksiyada “Ağçiçəyim”, “Referans”, “Avtotəlim” şirkətləri, “878” və “149” yükdaşıma xidmətləri, “Top Group”, “Azərsun Holding” “Central Baku” və “Torte” şirniyyat evi fəal iştirak ediblər.
Polis polkovniki Vaqif Əsədov bu kimi maarifləndirici tədbirlərin bundan sonra da davam edəcəyini bildirib.




























