“Elmi-Bərpa İstehsalat”ın hesabına həbs qoyulub
Xocavənd rayonunun Xanoba kəndində 31 fərdi yaşayış evinin təmirini həyata keçirən “Elmi-Bərpa İstehsalat” MMC-nin bank hesabına 427 min 700 manat məbləğində həbs qoyulub.
Şirkətlə sifarişçi arasında görülmüş işlərin dəyərinin tam ödənilməməsi ilə bağlı məhkəmə mübahisəsi yaranıb.
Şirkət görülən işlərin pulunu ala bilmədiyini bildirir
İş materiallarından məlum olur ki, tərəflər arasında 2025-ci ildə malların, işlərin və xidmətlərin satın alınması ilə bağlı müqavilə bağlanıb. Müqaviləyə əsasən, Xocavənd rayonunun Xanoba kəndində yerləşən 31 fərdi yaşayış evinin əsaslı təmiri “Ərizəçi” MMC-yə həvalə edilib.
Təhvil-təslim aktlarına əsasən, “Ərizəçi” MMC ümumilikdə 629 min manatlıq iş görərək sifarişçiyə təhvil verib. Lakin görülmüş işlərin dəyəri tam ödənilməyib və nəticədə “Elmi-Bərpa İstehsalat” MMC-nin qarşı tərəfə 427 min 700 manat borcu yaranıb.
Borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edən şirkət gələcəkdə qəbul ediləcək qərarın icrasının çətinləşə biləcəyini əsas gətirərək cavabdehin bank hesablarına həbs qoyulmasını istəyib.
Məhkəmə həbs tələbini qismən təmin edib
Şirvan Kommersiya Məhkəməsi ərizəni qismən təmin edib. Qərara əsasən, “Elmi-Bərpa İstehsalat” MMC-nin banklardan birindəki hesabına 427 min 700 manat məbləğində həbs qoyulub.
Bununla belə, işçilərin əməkhaqlarının və məcburi dövlət ödənişlərinin həyata keçirilməsinə məhdudiyyət tətbiq edilməyib.
Bütün hesablara həbs qoyulması tələbi rədd edilib
Ərizəçi şirkət qərardan şikayət verərək həbsin yalnız bir bank hesabına deyil, cavabdehin bütün bank hesablarına şamil olunmasını tələb edib. Lakin apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməyib.
Məhkəmə kollegiyası hesab edib ki, cavabdehin digər banklarda konkret hesablarının mövcudluğu və həmin hesablara həbs qoyulmasının zəruriliyi sübut olunmayıb.
Nəticədə Şirvan Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılıb.
Tenderin qalibi də eyni şirkət olub
Qeyd edək ki, 16 iyul 2025-ci ildə “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən Xanoba kəndində fərdi yaşayış evlərinin təmiri ilə bağlı elan edilmiş tenderin qalibi “Elmi-Bərpa İstehsalat” MMC olub.
Müqaviləyə əsasən, ümumi sahəsi 5 217,3 kvadratmetr olan 31 fərdi yaşayış evinin təmiri nəzərdə tutulub. Layihənin ümumi dəyəri 1 milyon 815 min 611 manat təşkil edib.
Mətləb Məmmədovun adı əvvəlki layihələrdə də çəkilib
“Elmi-Bərpa İstehsalat” MMC-nin qanuni təmsilçisi Mətləb Məmmədovun adı əvvəllər də bir sıra dövlət sifarişləri və tender layihələri ilə bağlı hallanıb.
Mətbuatda yayılan məlumatlara görə, onun rəhbərlik etdiyi şirkət Masallı Rayon Mədəniyyət Evinin təmiri, Lənkəranda tarixi abidənin bərpası, eləcə də Bakıda bir sıra musiqi məktəblərinin təmir işlərini həyata keçirib.
Zakir Sultanovun işi üzrə məhkəmədə mənimsəmə iddiaları
Həmin layihələrlə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəhbəri Zakir Sultanovun cinayət işi üzrə məhkəməsində də ifadələr səsləndirilib.
İttiham aktında ayrılmış vəsaitlərin bir hissəsinin mənimsənilməsi ilə bağlı iddialar yer alıb. Bu iddialar məhkəmə prosesində səsləndirilən ittiham və ifadələr kimi təqdim olunur.
Qaynarinfo


