Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Yeni Hərflər: Qlobal Təhsil və İş İmkanları” qrant layihəsinin bağlanış mərasimi uğurla baş tutub.
Layihənin əsas məqsədi şagirdlərə Çin dilinin əsas səviyyələri üzrə danışıq, oxu və yazı bacarıqlarını aşılamaq, onların beynəlxalq ünsiyyət bacarıqlarını inkişaf etdirmək, qlobal təhsil və əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazandırmaq olub.
Layihə çərçivəsində Abşeron rayonu, Q. Xalıqov adına 1 saylı tam orta məktəbin 10–11-ci sinif şagirdləri Çin dili üzrə keçirilən təlimlərdə fəal iştirak edərək dil bacarıqlarını inkişaf etdiriblər. Təlim müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, müxtəlif praktik tapşırıqlar və interaktiv fəaliyyətlər vasitəsilə əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.
Bağlanış mərasimində məktəbin direktoru Şərəf Qasımova, direktor müavini Mahirə Soltanova, məktəbin xarici dil müəllimləri və layihə rəhbəri Sevil Şirinova çıxış edərək layihənin uğurla həyata keçirildiyini, əldə olunan nəticələri və şagirdlərin nümayiş etdirdiyi inkişafı yüksək qiymətləndiriblər.
Tədbirin sonunda layihəni uğurla başa vuran şagirdlər sertifikatlarla təltif olunub, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulanıb.
Qeyd edək ki, layihə Sevil Şirinova tərəfindən Abşeron rayonu, Q. Xalıqov adına 1 saylı tam orta məktəbdə uğurla icra olunub.

















