“Unibank” ASC manatla müddətli əmanətlər üzrə faiz dərəcələrini aşağı salıb.
Bank 6, 12, 18 və 24 aylıq manat depozitlərinin illik faizlərini 0,5 faiz bəndi azaldıb.
Belə ki, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə 6 aylıq əmanətlərin illik gəlirliliyi 8,5%-dən 8%-ə, 12 aylıq əmanətlərin gəlirliliyi isə 9,5%-dən 9%-ə endirilib.
Eyni zamanda, 18 aylıq depozitlərin faizləri 10%-dən 9,5%-ə, 24 aylıq depozitlərin faizləri isə 10,5%-dən 10%-ə salınıb.
Üçaylıq manat əmanətlərinin illik faiz dərəcəsi dəyişməyərək 7% səviyyəsində saxlanılıb.
Beləliklə, Unibankda manatla müddətli depozitlər üzrə ən yüksək illik gəlirlilik 10,5%-dən 10%-ə enib.
ABŞ dolları və avro ilə yerləşdirilən müddətli əmanətlər üzrə faiz dərəcələri isə dəyişməyib.
Qeyd edək ki, “Unibank” KB ASC 1992-ci ildə “MBank” adı ilə yaradılıb. 2002-ci ildə “PROMTEXBANK”la birləşdikdən sonra indiki adını alıb. Bankın nizamnamə kapitalı 138,2 milyon manat təşkil edir. Səhmdarları 7 fiziki şəxsdən ibarətdir. Bankın səhmlərinin 94,0763%-i Eldar Qəribova, qalan 5,9237%-i isə digər 6 fiziki şəxsə məxsusdur.


