Diasporla İş üzrə Dövlət Komitəsində müstəqil Azərbaycan dövlətinin memarı, dünya şöhrətli ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirak etdim.
Deputat həmkarlarım Elşən Musayev və Cavid Osmanov ilə birlikdə qatıldığım anım mərasimində Böyük Şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov, Ümummilli Liderin Azərbaycan diasporunun formalaşmasındakı misilsiz və əvəzsiz xidmətlərindən, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin iqtisadi tərəqqisinin yüksək həddə çatmasından, Azərbaycanın nüfuzundan və beynəlxalq səviyyədə tanınmasından bəhs etdi. Habelə Diasporla İş üzrə Dövlət Komitəsində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi.
Çıxışımda Azərbaycan diasporunun formalaşmasında dahi şəxsiyyətin əvəzedilməz rolunu, dövlətçiliyimizin yaradılmasında misilsiz xidmətlərini vurğuladım. Qeyd etdim ki, Ulu Öndərimizin xaricə ölkələrə səfərləri zamanı iş cədvəlinin gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşlər keçirməsi, onların problemləri ilə yaxından maraqlanması, Heydər Əliyevin Azərbaycan diasporunun təşkilatlanması, azərbaycançılıq və milli həmrəylik ideyalarının reallaşması uğrunda apardığı məqsədyönlü siyasətindən xəbər verirdi. Azərbaycan üçün saymaqla bitməyəcək qədər xidmətləri olan, bütün həyatını və fəaliyyətini Vətəninə və xalqına həsr etmiş Ümummilli Liderimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Hər zaman böyük fəxarətlə andığımız Ulu Öndərin anım mərasimində iştirak etməkdən şərəf duydum və buna görə Fuad Muradova dərin təşəkkürümü bildirirəm.
Millət vəkili Jalə Əhmədova


