10 may Ümummilli Lider Heydər Əliyevin doğum gününün 100 illiyidir. Bu tarixlə bağlı bugünə qədər nəsə paylaşım etməmişəm. Əminəm ki, hər kəs onunla çəkdirdiyi şəkli, onunla bağlı olan anılarını paylaşacaq.100 illik olduğu üçün düşündüm ki, onu mənə xatırladan kiçik bir paylaşım edim. Açığı, mənim onunla şəklim yoxdur, olsaydı sevə- sevə paylaşardım. Amma onu mənə xatırladan, onunla ilk və yeganə görüşümüzün xatirəsi olan bu açıqcanı və açıqcanın hekayəsini sizinlə bölüşmək istəyirəm…
1998 ci il idi, bizə xəbər elədilər ki, şəhid övladları üçün “Yeni il” şənliyi keçiriləcək, uşaqlara hədiyyələr veriləcək və ən əsası prezident də şəhid övladlarının görüşünə gələcək. İnanın, xəbəri eşidəndən necə həyəcanla yaşayırdım. 12 yaşlı, atası şəhid olmuş bir oğlan uşağı üçün prezidentlə görüşmək təsəvvür edə bilməzsiniz nə deməkdir. Çünki ilk dəfə idi ki, dövlət səviyyəsində kimsə şəhid övladları ilə görüşəcəkdi, onların şənliyinə qatılacaqdı. Atamdan sonra sevinclə keçirdiyim ilk Yeni ilim idi. Görüşdə bizimlə söhbət etdi, atalarımızın bu xalq, bu dövlət üçün əvəzi ödənilməz fədakarlıq etdiyindən danışdı. Daha sonra bizə şirniyyatların, meyvənin olduğu böyük bir səbət verildi. Həmin səbətin içində bu açıqca vardı və mən düz, 25 ildir ki, bu açıqcanı saxlayıram. Bilirəm, bəlkə də indi kimlərsə düşünəcək ki, kiçik bir açıqcaya böyük mənalar yükləyirəm. Amma o dövrdə mənim üçün həqiqətən böyük məna kəsb edirdi. Hətta deyərdim ki, bu mətni 36 yaşlı yox, 12 yaşında prezidentlə görüşən Orucun kiçik xatirə mətni kimi qəbul edin. Uşaq vaxtı bu açıqcanın üzərində yazılanları tam anlamasam da indi çox yaxşı dərk edirəm ki, orada yazılanlarla nə demək istəyirdi. Həqiqətən də torpaqları işğaldan azad edilmiş, müstəqil və qüdrətli Azərbaycanda yaşamaq qürurvericidir..
Mən xatirələrə, dəyərlərə bağlı biri olduğum üçün bu açıqcanı hələ çox saxlayacam. Çünki ümummilli lider hələ bir əsr daha yaddaşlarda xoş xatirələrlə qalacaq.
Oruc İbrahimov


