Bu gün xalqımız Azərbaycan Silahlı Qüvvələrin yaranmasının 105 illiyini təntənə ilə qeyd edir. İgid oğullarımızın hünərilə Zəfər tariximizin yazıldığı gündən “26 iyun Silahlı Qüvvələr Günü” ölkəmizdə tam fərqli, böyük qürur, hədsiz ruh yüksəkliyi ilə qeyd olunur. 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz qalibiyyəti ilə bütün dünyaya dövlətimizin gücünü göstərdi, xalqımıza böyük fəxarət yaşatdı, millətimizi qürurlandırdı, vətənimizin möhkəm dayağı olduğunu öz rəşadəti ilə sübut etdi. Şanlı ordumuz savaş meydanında hünər göstərərək xalqımızı, millətimizi böyük Zəfərinə qovuşdurdu.
Bu il qeyd etdiyimiz “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin əvəzsiz xidmətlərini, o cümlədən ordu quruculuğunu xüsusi qeyd etmək yerinə düşər. Tarixini cəngavər babalarımızın döyüş ruhundan, ilk təməlini 1918-ci ildə Xalq Cümhuriyyəti dövründən almış Azərbaycan ordu quruculuğunun əsası ölkəmizdə bütün sahələrdə iz qoymuş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində hərb tariximizin formalaşmasına, inkişafına böyük önəm vermişdir. Tariximizə nəzər saldıqda, 1920-ci ildə Azərbayca Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə dövlət quruculuğu istiqamətində bütün fəaliyyətlərlə yanaşı, ordu quruculuğuna da son qoyulmasının şahidi oluruq. Uzun müddət imperiya təxəyyülü ilə SSRİ rəhbərliyi tərəfindən Azərbaycan əsilli hərbi kadrların yetişməsinə maneçilik törədilmiş, bilərəkdən bu sahəyə meydan verilməmişdi. Bu dönəm yalnız Ulu Öndərin ilk hakimiyyətə gəlişinə qədər öz gücü ilə davam etmişdi. Vətəninə, millətinə bütün qəlbi ilə bağlı, onun gələcək taleyini hər zaman düşünən Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda ən önəmli proses hərbi kadrların hazırlanmasına başlanılması olmuşdu. Uzaqgörən Lider 1971-ci ildə böyük çətinlik bahasına, bugünkü qüdrətli ordumuzun formalaşmasında əvəzsiz əhəmiyyət kəsb edən və sonradan milli ordu quruculuğunun əsas bazasından birinə çevrilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Bununla da Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açıldı. Məhz Ulu Öndərin böyük əməyi nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətinin ikinci dönəmində 1998-ci il mayın 22-də böyük əhəmiyyətə malik tarixi Fərman imzaladı.
Bu Fərmanın günümüzə hesablanmış böyük nailiyyətini gördükcə Ulu Öndər uzaqgörənliyinin, fenomen şəxsiyyətinin qarşısında bir daha baş əyirik. Bu tarixi Fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk Əlahiddə Azərbaycan korpusunun yaradıldığı 26 iyun, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi elan edildi. Bununla da ordu quruculuğunda əsaslı və böyük təməlin addımları atıldı, uğura, qələbəyə aparan yolun ilk istiqaməti götürüldü.
Bu addım, tarixi ənənələrimizə hörmətlə yanaşan Ümumilli Liderin başlatdığı Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində gərəkli olmaqla yanaşı, tarixilik prinsipinə dayanan dövlətçilik ənənələri, müstəqil dövlətimizin möhkənləndirilməsi və ölkəmizdə güclü ordu yaradılması strategiyasındada mühüm nailiyyətlərindən biri oldu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizin inkişafında və dövlətçiliyimizin qorunması yolunda gərəkli işlər görərək güclü dövlətin güclü ordusunu yaratdı.
Milli ordumuzu gücləndirərək onu dünyanın ən güclü orduları sıralarında bərqərar etdi. Doğru siyasət sayəsində ordu xalq birliyi ilə güdrətlənən ordumuz dəmir yumruq ətrafında birləşərək “Qarabağ Azərbaycandır” şüarı ilə torpaqlarımızı düşmən işğalından azad etdi, müqəddəs yurdumuzu öz bütövlüyünə qovuşdurdu, xalqımızı 30 ilin həsrətindən qurtardı. Fəxr edirik ki, qalib dövlətimizin qalibiyyət tarixini yazan, düşmənin qorxulu kabusuna çevrilən qüdrətli ordumuz var. Azərbaycanımın Müzəffər Ordusu, keçmişinə söykənən şanın, əzəmətinlə qürur duyuruq! Gücün, qüvvətinlə dünyanı silkələyən fəxarətlinlə öyünürük! Qeyrətli oğulların sayəsində xalqa qürur yaşadan Qalib Ordum! Əzmin daim, Qalibiyyətin əbədi, Günün mübarək olsun!
Nəzakət Quluqızı;
Neftçala rayon sakini, publisist, ictimai fəal


