“Azərbaycan hər zaman olduğu kimi, bu gün də “Türkiyə yüz ili” hədəfləri çərçivəsində inkişaf yolunda əmin addımlarla irəliləyən qardaş ölkənin yanındadır, eləcə də hamımızı dərindən sarsıdan dəhşətli faciənin – zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasında, həmin bölgələrdə quruculuq işlərinin aparılmasında yaxından iştirak edərək Türkiyə dövlətinə və xalqına qardaş köməyini əsirgəmir.
BAKU.NEWS xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, Türkiyə də öz növbəsində Azərbaycana qətiyyətli dəstək göstərir, həm regionda sülhyaratma prosesində, həm də işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərində fəal iştirak edir. Bu gerçəkliklər unikal və nümunəvi xarakter daşıyan Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri olmadığını sübuta yetirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, “xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.
S.Kərimova


