ABŞ-ın elektromobil istehsalçısı olan “Tesla” “Bitkoin”ə 1,5 milyard dollar investisiya yatırdığını elan edib.
BAKU.NEWS-un məlumatına görə, “Tesla” investisiya siyasətini yeniləmək üçün bu addımı atıb.
Şirkətdən bildirilib ki, müvafiq əməliyyat likvidliyini qorumaq üçün tələb olunmayan nağd gəlirlərin daha da şaxələndirilməsi və maksimum səviyyəyə çatdırılması üçün bu qərara gəlinib.
O da əlavə edilib ki, yaxın gələcəkdə şirkət “Bitkoin”i ödəmə şəkli olaraq qəbul edə bilər.
“Tesla”nın qərarından sonra “Bitkoin”in qiyməti 44 min dolları ötüb və öz rekordunu yeniləyib.
Xatırladaq ki, “Tesla” rəhbəri İlon Mask ötən həftələrdə sosial media hesabında “Bitkoin” etiketini paylaşmışdı. Bundan sonra virtual pulun dəyəri 10 faizdən çox qalxmışdı.


