Azərbaycanın ən önəmli strateji marketinq tədbirlərindən biri olan Strateji Marketinq Forumu, bu il ikinci dəfə keçirilib və 200-ə yaxın qonağın iştirakı ilə uğurla başa çatıb.
Tədbir, iştirakçılara marketinqin strateji tərəfləri barədə dərin müzakirələr aparmaq, yeni trendlər və təcrübələri öyrənmək imkanı yaratdı.
Ravan Academy-nin CEO-su və Strateji Marketinq Forumunun təşkilatçısı Rəvan Beydullayev, forumun əhəmiyyətini vurğuladı. O, tədbirə qatılan hər bir iştirakçıya təşəkkür edərək, forumun yalnız ikinci dəfə keçirilməsinə baxmayaraq, artıq geniş bazar dəyəri yaratmağa və peşəkar bir platforma olmağa nail olduğunu qeyd etdi. Beydullayev, “Biz artıq növbəti tədbirə hazırlaşırıq və inanırıq ki, Azərbaycanda strateji yanaşmaların marketinq sahəsinə gətirilməsi istiqamətində böyük irəliləyişlər əldə edəcəyik. Komandamız bu məqsəd uğrunda fasiləsiz və operativ şəkildə çalışır,” – deyə əlavə etdi.
Forumda, bir çox tanınmış markaların marketinq rəhbərləri, bank və digər böyük təşkilatların nümayəndələri spiker kimi iştirak edərək, öz təcrübələrini və bazar analizlərini iştirakçılarla bölüşdülər. Panel müzakirələrində marketinq və satış strategiyalarının müxtəlif aspektləri müzakirə olundu. İştirakçılar, müasir bazar tələbləri, strateji marketinq yanaşmalarının tətbiqi və bu yanaşmaların Azərbaycanda necə inkişaf edə biləcəyi barədə fikir mübadiləsi apardılar.
Strateji Marketinq Forumu, iştirakçılara yalnız mövcud bazar tendensiyalarını izləmək deyil, həmçinin gələcəkdə tətbiq edilə biləcək yeni yanaşmalar və innovasiyalar haqqında məlumat əldə etmək imkanı yaratdı. Forum, Azərbaycanın biznes və marketinq sahəsindəki mütəxəssisləri bir araya gətirərək, bu sahənin inkişafına yeni təkan verdi.


