Əzəmətli Azərbaycan bayrağının işğaldan azad edilmiş ərazilərdə dalğalanması Qələbəmizin ən böyük sübutudur!
44 günlük Vətən Müharibəsi Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi. Beynəlxalq müstəvidə tanınmış ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi, şanlı Azərbaycan Bayrağının işğaldan azad edilmiş ərazilərdə dalğalanması Qələbəmizin ən böyük sübutudur. Tarixi Zəfərimizdən sonra ən böyük hadisələrdən biri də məhz dövlət sərhədimizin yaradılması oldu. Aydındır ki, sərhədlərin toxunulmazlığı dövlətin qüdrətini təcəssüm etdirir. Azərbaycan tarixi Zəfərindən sonra ən əhəmiyyətli addımlarından birini bu ilin 23 aprel tarixində atdı. Belə ki, Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradıldı. Bununla da Azərbaycan-Ermənistan sərhədləri təsis edilməklə ölkələr arasında keçidin, hərəkətin təhlükəsizliyi təmin edildi.
Qeyd edək ki, Laçın sərhəd-buraxılış məntəqəsi Qarabağda olan erməniəsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməklə bərabər, həm də işğal altındakı ərazilərimizdə vaxtilə yerləşdirilmiş qeyri-qanuni erməni birləşmələrinin hərəkətinə, yerdəyişməsinə nəzarət edir. Bilirik ki, Ermənistan hakimiyyətindən dəstək alan terrorçu dəstələr vaxtilə ölkələrarası sərhədin olmamasından sui-istifadə edərək, işğal altında olan əzəli və hüquqi torpaqlarımızda rahat şəkildə hərəkət etmiş, eləcə də bu yoldan silah, sursat, terrorçuluq üçün müxtəlif vasitələr daşımışlar.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını bir çox aspektdən qiymətləndirə bilərik. Bilirik ki, uzun illər mənfur düşmən təbii sərvətlərimizi talamış, işğala qədər şəhər, qəsəbə və kəndlərimizdə olan infrastrukturu məhv edərək xammal kimi istifadə etmiş və bütün bu qanunsuz hərəkətləri öz nəzarətlərində olan Laçın yolu vasitəsilə reallaşdırmışlar. Onların qarşısına rəsmi qoyulmuş faktlara baxmayaraq həyasız simalarından və əməllərindən əl çəkməmiş əsl vandalizm əməlləri törətmişlər. Məhz bu mənada məntəqənin əsas funksiyalarından biri ölkəmizə məxsus olan sərvətlərin talanaraq aparılmasına imkan verilməməsidir. Görürük ki, sərhəd rejiminin yaradılması qısa müddət ərzində öz uğurlu nəticələrini verir.
Bu gün rəsmi İrəvanın əsas həyasızlığından biri Azərbaycan haqqında dünyada mənfin rəyin yaradılmasına hesablanıb. Belə ki, onlar güya Azərbaycanın Qarabağda yaşayan erməni əsilli vətəndaşlara qarşı “humanitar fəlakət” siyasəti yürütdüyünü, oradakı insanları fakt qarşısında qoyduğunu iddia edirlər. Son günlər baş qaldıran bu cür uydurma bəyanatlar bilirik ki, böyük iflasla nəticələndi. Konkret faktlarla düşmən və onun dəyirmanına su tökənlər layiqli cavablarını aldılar. Dünya birliyi bilir ki, Azərbaycan humanitar yüklərin daşınmasına etiraz etmir. Bunun üçün Ölkəmiz qarşı tərəfə Ağdam-Xankəndi yolunu təklif edib. Lakin görünən odur ki, erməni və erməniçiliyin niyyəti və məqsədi tamam ayrıdır. Bu isə əbədi olaraq niyyət, arzu olaraq qalacaqdır.
Sərvinaz Məmmədova;
Neftçala rayon sakini, müəllim


