2023-cü ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Bu barədə BAKU.NEWS-a BP-Azərbaycan şirkətindən məlumat verilib.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
2023-cü ildə terminal təxminən 230 milyon bareldən çox neft və kondensat, o cümlədən 229 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (təxminən 2 milyard 515 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.


