Şamaxı rayonundan olan ikinci Vətən Müharibəsi şəhidi, bir övladı Vətənə əmanət qalan Fariz Şıxəliyevin ailə üzvləri, xanımı Fəqanə Şıxəliyeva tərəfindən Bakıda Şəhidin adına ehsan-iftar süfrəsi təşkil olunub.
BAKU.NEWS xəbər verir ki, iftar süfrəsində Şəhidin ailə üzvləri, yaxınları, Şamaxı və Bakıdan olan Şəhid ailələri, Qazilər, din xadimləri, gənc sənətçilər və digər tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
İftar məclisində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib. Sonra “Azan” oxunub, məclis iştirakçıları iftarlarını açıblar.
İftar məclisində həmçinin, çıxışlar olunub, Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.
Mərasimdə XTQ Azərbaycan bayrağı ordenli polkovniki Yaşar Bağırov, millət vəkili Vüqar İskəndərov, Sara Xatun Mədəni Marifçilik İB sədri, pedaqoq,alim və xeyriyyəçi Pərvanə Abbasova, Bakı klinikasının fizoterapeya şöbəsinin müdiri, ictimai xadim Mahirə Əhmədova, gənc iş adamı Elamin Dibirov, Ədliyyə Nazirliyinin əməkdaşı Tağıyeva Aytən, “Əsgərə Xatirə” layihəsinin müəllifi və rəhbəri Nuranə Şıxəliyeva çıxış etmişlər.
Çıxış edən qonaglar Dünya müsəlmanlarının müqəddəs Ramazan ayı münasibətilə ürəkdən təbriklərini, ən səmimi arzu və diləklərimi çatdırıblar.
Çıxışlarda isə Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, iftar süfrəsinə görə minnətdarlıq ifadə olunub.




























