“Bank Respublika”da 30 gündən artıq gecikməsi olan kreditlərin həcmi 2026-cı ilin ilk yarısında kəskin artıb.
2025-ci ilin sonunda vaxtı keçmiş kreditlərin həcmi 15,3 milyon manat olduğu halda, 2026-cı ilin iyununun sonunda bu göstərici 23,2 milyon manata yüksəlib.
Beləliklə, “Bank Respublika”nın vaxtı keçmiş kreditləri altı ay ərzində 7,9 milyon manat və ya 51,7% artıb.
Artımın əsas hissəsi biznes kreditlərinin payına düşüb. Biznes kreditləri üzrə vaxtı keçmiş borclar 2025-ci ilin sonundakı 9,7 milyon manatdan 15,7 milyon manata yüksəlib. Yəni, bu kateqoriyada artım təxminən 6 milyon manat və ya 61% təşkil edib.
İstehlak kreditləri üzrə də vaxtı keçmiş borclar artıb. Bu kreditlər üzrə göstərici 5,3 milyon manatdan 7,4 milyon manata yüksəlib. Artım təxminən 2,1 milyon manat və ya 39% olub.
Daşınmaz əmlak kreditləri üzrə vaxtı keçmiş borcların məbləği nisbətən kiçik olsa da, burada da artım qeydə alınıb. Göstərici 2025-ci ilin sonundakı təxminən 205 min manatdan 346 min manata yüksəlib ki, bu da təxminən 69% artım deməkdir.
Diqqətçəkən digər məqam bank “əlini üzdüyü” kreditlərin də artmasıdır. Bir ildən artıq gecikmiş kreditlərin həcmi 2025-ci ilin sonunda 3,58 milyon manat olduğu halda, 2026-cı ilin iyununun sonunda 5,03 milyon manata çatıb. Bu kateqoriyada artım 1,45 milyon manat və ya 40,7% təşkil edib.
Bununla yanaşı, hesabat dövründə bankın ümumi kredit portfeli 2025-ci ilin sonundakı 1,654 milyard manatdan 1,702 milyard manata yüksəlib. Yəni kredit portfeli təxminən 3% böyüdüyü halda, vaxtı keçmiş kreditlər 51,7% artıb.
Qeyd edək ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 73,96 milyon manatdır. Bankın səhmlərinin 63,32%-i Natiq Quliyevə, 18,46%-i Elçin Quliyevə, 8,47%-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova, 4,22%-i “Sparkassen International Development Trust GmbH” (SIDT) şirkətinə, 0,08%-i isə digər səhmdarlara məxsusdur.
Plat.az


