Qarabağdakı separatçıların lideri Arayik Arutyunyanın “Facebook” səhifəsində onun bir qrup hərbçi ilə görüşünün videosu paylaşılıb. Videonun bu gün lentə aındığı iddia edilsə də, burada şübhəli məqamlar diqqətdən yayınmır.
BAKU.NEWS xəbər verir ki, kadrlardan görünür ki, bir neçə gündür ölüm xəbəri yayılan Arayik bunkerdə separatçıları başına yığaraq, guya hansısa “şücaətinə” görə fərqlənmiş erməni hərbçiləri mükafatlandırır və onların qarşısında sərsəm çıxış edir.
Maraqlıdır, Arayik haqqında ölüm xəbərinin günlədir müzakirə olunduğunu bildiyi halda bu haqda heç danışmır, “mən sağam”, yaxud “ölməmişəm, burdayam” deyib məsələyə aydınlıq gətirmir. Ən azından həmin videogörüntülər məhz bu gün lentə alınsaydı, separatçı lider sağ olduğunu təsdiqləyərdi. Bu, özlüyündə “mükafatlandırma” mərasiminin bir neçə gün əvvəl baş tutduğunu, videonun bu gün paylaşmaqla diqqəti ölüm xəbərini yayındırmağa hesablandığını göstərir.
Arayikin hələ də sağ olduğunu təsdiqləyəcək dəlil yoxdur, müəmmalı vəziyyət fonunda separatçı rəhbərin Azərbaycan Ordusu tərəfindən məhv edilməsi barədə deyilənlər daha çox inandırıcı təsir bağışlayır. Yəqin ki, yaxın günlərdə həqiqətin nədən ibarət olduğu bilinəcək.
Haqqında danışdığımız videoda təəccüb doğuran bir məqam da diqqətdən qaçmayıb. Belə ki, separatçılarla yanaşı dayanan hərbi formalı şəxslərdən birinin isimliyində “US Army” yazılıb. İlk baxışdan sual olunur ki, ABŞ hərbçisi separatçıların arasına necə düşüb? Bu mümkündürmü? İndiki müharibənin qızğın çağında belə bir halın baş verməsi inandıcı deyil. Həm də nəzərə alsaq ki, rəsmi Vaşinqton Qarabağdakı qondarma qurumu tanımır, o zaman həmin şəxsin ABŞ hərbçisi olmadığı aydınlaşır.
Bəs, şübhəli hərbçi kimdir?
Apardığımız araşdırma zamanı məlum olur ki, isimliyinə “ABŞ ordusu” yazılan separatçı rejimin əsas fiqurlarından biri, general-leytenant Karen Ağacanyandır. İndiyədək erməni mətbuatında haqqında müxtəlif ziddiyyətli məlumatlar dolaşan Ağacanyanın özünü ABŞ hərbçisi kimi təqdim etməsi və kameralar qarşısında görünməsində məqsəd nədir? Ortaya müxtəlif suallar və versiyalar çıxır. Bununla separatçı general kimə hansı mesajı vermək istəyir? Əsas məsələ də budur.
Ehtimal eləmək olar ki, Ağacanyan belə bir görüntü ilə guya ABŞ ordusunun Qarabağ separatçılarının yanında olması, guya dəstəkləməsi mesajını vermək istəyib. Əlbəttə, indiyədək rəsmi səviyyədə ABŞ heç vaxt belə addım atmayıb, bundan sonra da gözlənilən deyil. Bu məqamda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan ABŞ-ın belə saxta səhnədə canlandırılmasını ermənilərin növbəti təxribatı kimi qiymətləndirmək olar. Dünyanın ən hegemon dövlətlərindən birinə qarşı belə çirkin təxribatın Ağacanyanın ideyası olmadığı da məlum məsələdir. Təxribatın birbaşa Ermənistan rəhbərliyi, baş nazir Nikol Paşinyan tərəfindən məqsədli şəkildə səhnələşdirilməsi şübhə doğurmur.
İnanaq ki, Birləşmiş Ştatların İrəvandakı səfirliyi məsələni dərhal aydınlaşdırıb, rəsmi mövqeni ortaya qoyacaq, ABŞ ordusuna qarşı təxribatı törədənlər öz cəzasını alacaq. Əks halda daha böyük təxribatlar qaçılmaz olacaq.


