Azərbaycanın Dövlət Bayrağı müstəqilliyimizin ilk illərindən etibarən milli azadlıq ideyasının və suveren dövlətçilik iradəsinin əsas ifadə vasitəsi olmuşdur. Lakin tariximizin müxtəlif mərhələlərində bu bayrağın bütün ölkə ərazisində dalğalanması xalqımız üçün həm siyasi məqsəd, həm də milli arzu kimi aktuallığını qoruyub saxlamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə qəbul edilən üçrəngli bayraq müstəqil dövlətçilik ənənələrimizin əsasını təşkil edən tarixi irsdir. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra bu rəmz suveren Azərbaycanın siyasi və hüquqi varlığının ayrılmaz hissəsinə çevrildi. Bununla belə, ölkəmizin ərazi bütövlüyünün pozulması və torpaqlarımızın işğal altında qalması bayrağımızın bütün ərazilərdə ucaldılması qarşısında ciddi maneə yaradırdı. Azərbaycan xalqı uzun illər ərzində tarixi ədalətin bərpasına və dövlət suverenliyinin tam təmin olunmasına böyük inam bəsləyirdi. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü ordu quruculuğu siyasəti Azərbaycanın milli təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə artırdı.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə ölkəmizin hərbi-siyasi gücünü və xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. İşğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması bu Zəfərin ən təsirli və rəmzi ifadələrindən biri oldu. Dövlət başçısının azad edilmiş torpaqlara ilk səfərlərində bayrağımızın qaldırılması Azərbaycan dövlətinin həmin ərazilər üzərində suverenliyinin bərpasını əyani şəkildə nümayiş etdirdi. Şuşada, Xankəndidə və digər ərazilərimizdə üçrəngli bayrağın dalğalanması xalqımızın onilliklər ərzində gözlədiyi tarixi arzunun gerçəkləşməsi demək idi. 2023-cü ildə Xankəndidə keçirilən hərbi parad və burada nümayiş etdirilən dövlət atributlarımız Azərbaycanın suverenliyinin mühüm rəmzi hadisələrindən biri kimi tarixə düşdü. Bu gün Dövlət Bayrağı yalnız hərbi qələbənin deyil, həm də azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və davamlı inkişafının simvoludur.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq tədbirləri dövlətimizin öz suveren ərazilərində iqtisadi və sosial inkişafı təmin etmək əzmini göstərir. Bu ərazilərdə bayrağımızın dalğalanması keçmişlə gələcək arasında mənəvi bağlılıq yaradır və tarixi yaddaşın qorunmasına xidmət edir. Bakı Dövlət Bayrağı Meydanında nümayiş etdirilən Zəfər qalereyası da bu tarixi yolun mühüm mərhələlərini əks etdirir. Azərbaycanın üçrəngli bayrağı artıq bütün ölkə ərazisində dövlət suverenliyinin, milli qürurun və qalibiyyət iradəsinin rəmzi kimi ucalır. Bu reallıq gələcək nəsillərə müstəqilliyin qorunmasının, güclü dövlət quruculuğunun və milli birliyin nə qədər vacib olduğunu aşılayır. Qalib Azərbaycanın bayrağı xalqımızın tarixi mübarizəsinin, siyasi iradəsinin və müstəqil gələcəyinin ən parlaq təcəssümüdür.
Amid Şahbazov
Neftçala rayonu


