Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və Milli Depozit Mərkəzinin (MDM) birgə təşkilatçılığı ilə tələbələr üçün “Kapital bazarı və mərkəzi depozitarın rolu” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə MDM-in İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli qurumun əsas fəaliyyət istiqamətləri, Azərbaycan kapital bazarının iş mexanizmləri, bazar iştirakçıları və əsas seqmentləri barədə tələbələrə ətraflı məlumat verib. O, həmçinin Milli Depozit Mərkəzinin kapital bazarı ekosistemindəki mövqeyi, investorların hüquqlarının qorunması, qiymətli kağızların uçotu və saxlanılması xidmətləri, eləcə də korporativ əməliyyatların icrası istiqamətində görülən işlərdən bəhs edib. Çıxış zamanı kapital bazarının iqtisadi inkişafdakı önəmi, maliyyə sektorunun fəaliyyət prinsipləri və bu sahədə institusional əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb.
Tədbir çərçivəsində tələbələrə MDM-də mövcud karyera və təcrübə imkanları haqqında da məlumat çatdırılıb. Qurumdakı müxtəlif fəaliyyət sahələri, mütəxəssislərə qoyulan tələblər və peşəkar inkişaf imkanları barədə məlumatlandırılan gənclərə əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazanmağın əhəmiyyəti izah edilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. İnteraktiv müzakirə şəraitində keçən görüşdə kapital bazarı, MDM-in fəaliyyəti, eləcə də işə qəbul və təcrübə proqramları ətrafında fikir mübadiləsi aparılıb.




