Prokurorluq işçilərinin peşə biliklərinin artırılması, hərtərəfli və tam araşdırmanın aparılması üçün tələb olunan peşəkar vərdişlərin gücləndirilməsi məqsədini daşıyan təlimlərin həyata keçirilməsi planlı şəkildə davam etdirilir.
Baş Prokurorluqdan BAKU.NEWS-a verilən məlumata görə, cəmiyyətdə aktuallığı ilə seçilən ekoloji hüquqpozmalar, xüsusilə də qanunsuz ağac kəsmə və dağ-mədən işlərinin aparılması sahəsində hüquqpozmaların araşdırılmasına xüsusi önəm verilir.
Ötən həftədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının köməkçiləri cəlb edilməklə respublikanın 2 rayonunda 4 qanun pozuntusu barədə məlumatın yoxlanılması qaydasında ilkin istintaq hərəkətləri aparılmış, izahatlar alınmışdır.
Aparılmış yoxlamaların nəticələri, həmçinin ekoloji hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması sahəsində toplanmış təcrübə ilə bağlı 2022-ci il fevralın 11-də Lənkəran rayon prokurorluğunda seminar keçirilmişdir. Seminarda Astara, Biləsuvar, Cəlilabad, Masallı, Neftçala, Lənkəran, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları iştirak etmişlər.
Qeyd olunan tədbir respublikanın şimal və şimal-qərb rayonlarında keçirilmiş seminarlardan sonra sayca üçüncü tədbirdir. Anoloji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulmuşdur.


