İlk dəfə 1955- ci ildə irəli sürülən və 1961-ci ildə keçmiş Yuqoslaviyada təsis edilən Qoşulmama Hərəkatının fəaliyyəti həmin vaxtdan etibarən qlobal sülh, ədalət və həmrəylik prinsipləri əsasında qurulub.
Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsinə çevrilib. Qoşulmama Hərəkatının fəaliyyətinə nəzər salsaq, aydın olur ki, üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır. Azərbaycan bu hərəkata 2011-ci ildə qoşulmuş, XVIII Zirvə toplantısına ev sahibliyi etmişdir. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik etmişdir.
Hərəkatın qurucuları keşçmiş Yuqoslaviyadan olan sosialist Josip Broz Tito, Hindistandan Cəvahiral Nehru, İndoneziyadan Sukarno, Misirdən Camal Abdel Nasir və Qanadan Kvame Nkrumahdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə demişdir: “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu”. Bu hərəkata üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü xatırladan dövlət başçısı deyib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub. Qoşulmama Hərəkatı Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformadır. Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu qurumun qlobal çağırışlarla bağlı mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək dəyərləndirilir.
Müzəffər Prezident cənab İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransındakı çıxışında vurğulandığı kimi, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi “Bandunq prinsipləri” bu təşkilatın təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Hazırda dünyada dəhşətli fəlakətlər törədən müharibələr və münaqişələr də “Bandunq prinsipləri”nə riayət olunmaması səbəbindən baş verir. Azərbaycan zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulmasının qətiyyən qəbuledilməz olduğunu hər zaman bildirib, bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üzv dövlətlərin dəvəti ilə daha bir il uzadılması da təsadüfi deyildir. Cənab Prezident başda olmaqla Azərbaycan bu təşkilata sədrliyi dövründə söz-əməl vəhdətinə sadiqliyini nümayiş etdirib. Hərəkata üzv ölkələrin maraqlarının, beynəlxalq hüquq və ədalətin tərəfində dayanıb. Cənab Prezident İlham Əliyev bu məqamla bağlı deyib: “Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini “Bandunq prinsipləri” əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır”. Bu hərəkatda təmsil olunmağın Azərbaycan üçün əhəmiyyəti həm də odur ki, burada müzakirə olunan məsələlər sonradan BMT-ə çıxarılır. Hazırda Bakıda keçirilən zirvə görüşündə Azərbaycan Qarabağ münaqişəsinə diqqət cəlb etmək imkanını yenidən əldə edib. Bu hərəkatda üzvlük həm də Azərbaycanın öz ərazisində başqa dövlətlərin hərbi bazalarını yerləşdirməyi planlamadığına dair siqnaldır. İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilmişdir. Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir. Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır. Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır.
Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır.
Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər”. İnanırıq ki, Qoşulmama hərəkatının və onunla eyni istiqamətdə, eyni məqsədə doğru dünyada sülhün, ədalətin bərbası üçün, millətlərin birlik təşkilatlarının birgə mübarizəsi yəqin ki, müsbət nəticə verəcəkdir. Bu istiqamətdə mövcud ədalətsizliyin qarşısının alınmasında əhəmiyyətli olacaqdır.
Bədirə Niftaliyeva;
Neftçala rayon ziyalısı, yazıçı-publisist


