21–22 noyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə “Öz Yolunu Kəşf Et” layihəsi həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində, Ayan İsmayılovanın rəhbərliyi ilə icra olunub.
Layihənin əsas məqsədi gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərmək, onların öz bacarıq və potensiallarını daha yaxşı tanımalarına, karyera hədəflərini müəyyənləşdirmələrinə və əmək bazarına hazırlıqlı daxil olmalarına şərait yaratmaqdır.
Layihənin ilk günündə HR sahəsi üzrə ekspert, təlimçi, beynəlxalq dərəcəli peşəkar fərdi və komanda kouçu, NLP tətbiqedicisi Aytən Şıxəliyeva tərəfindən “Career Design Lab: Özünü Kəşf Et və Karyera Yolunu Qur” və “Interview Excellence: Uğurlu Müsahibə Strategiyaları” mövzularında təlimlər keçirilib. Təlimlərdə gənclərin şəxsi potensiallarını tanıması, karyera istiqamətlərini müəyyənləşdirməsi və iş müsahibələrinə hazırlanması məsələləri diqqət mərkəzində olub.
Daha sonra HR üzrə mütəxəssis Ayşən Həmidsoy tərəfindən “Personal Branding & LinkedIn Masterclass” mövzusunda təlim keçirilib. İştirakçılara şəxsi brendin formalaşdırılması və LinkedIn profilinin peşəkar məqsədlərə uyğun hazırlanması barədə məlumat verilib. Təlimin davamında praktiki tapşırıqlar yerinə yetirilib və müsahibə simulyasiyası təşkil olunub.
Layihənin ikinci günündə HR üzrə menecer Fərid Həsənsoy tərəfindən “Career Clinic: CV Hazırlanması və Karyera Planlaması” mövzusunda praktiki təlim keçirilib. Bu mərhələdə iştirakçıların CV-ləri fərdi qaydada təhlil olunub, onlara CV və karyera konsultasiyaları təqdim edilib, fərdi karyera inkişaf planlarının hazırlanması üzrə tövsiyələr verilib.
İki günlük proqram iştirakçılara nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar və fərdi konsultasiyalar vasitəsilə yeni bacarıqlarını tətbiq etmək imkanı yaradıb. Müsahibə simulyasiyası, CV təhlilləri və fərdi tövsiyələr gənclərin əmək bazarına hazırlıq səviyyəsinin artırılmasına xidmət edib.
Sonda layihə ətrafında müzakirələr aparılıb, həyata keçirilən fəaliyyətlər qiymətləndirilib. Layihə rəhbəri Ayan İsmayılova və koordinator Günətay İsmayılova tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihədə 16–26 yaş aralığında olan ümumilikdə 30 gənc iştirak edib.





















