Ötən il Azərbaycan idmançılarından 1142 antidopinq testi götürülüb. 282 beynəlxalq sifariş üzrə test həyata keçirilib. Test bölüşdürmə planı 26 idman növünü və 51 yarımnövü əhatə edib.
Bunu AZƏRTAC-a eksklüziv açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Səxavət Quliyev deyib.
Onun sözlərinə görə, 35 milli yarışda testetmə keçirilib və 11 beynəlxalq turnirdə nümunə toplamaq AMADA-ya həvalə olunub: “Analizlərin 96,5 faizi Bakıda, 1,5 faizi bölgələrdə, 2 faizi isə dünyanın digər şəhərlərində götürülüb. Ümumi test olunan idmançı sayının 18 faizini azyaşlı, 7 faizini isə məhdud imkanlı idmançılar təşkil ediblər”.
S.Quliyev bildirib ki, həmçinin dayanıqlı, şəffaf, inklüziv və innovativ gələcəyə töhfə vermək üçün AMADA-nın 2021-2025-ci illəri əhatə edən Strateji Planına uyğun olaraq, cari il üçün hədəflər də müəyyənləşdirilib: “Agentlik WADA, Beynəlxalq Test Agentliyi, UNESCO və Avropa Şurasının antidopinq üzrə komitə və komissiyaları ilə birgə fəaliyyətini davam etdirəcək”.


