Vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən Şəhidlərimizin əziz xatirələri Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Böyük tarixə malik xalqımızın tarixində elə günlər vardır ki, həmin günlər tariximizə qızıl hərflərlə yazılıb. Həmin günlərdən biri də 27 sentyabr 2020-ci il tarixidir ki, bu gün millətin yaddaşından, hərb tariximizdən heç bir vaxt silinməyəcək. Məhz 27 sentyabr tarixi 30 ilə yaxın müddətdə davam edən və süni şəkildə yaradılmış, artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan “Qarabağ münaqişəsi”nin həllində yeni mərhələnin başlanğıcı qoyuldu.
Beynəlxalq qurumlar, bu münaqişənin həllində cavabdeh olan təşkilatların ikili standartlar nümayiş etdirməsinə baxmayaraq, səbr, təmkin nümayiş etdirən Azərbaycan xalqı bir anda səfərbər oldu.
Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan Ordusu həmin vaxt düşmənə qarşı öz ərazilərində əməliyyat apardı. Bu baxımdan bir sıra ermənipərəst dairələr və öləkləri çıxmaq şərtilə əksər beynəlxalq təşkilatlar və ölkələr Azərbaycanın haqq işini dəstəklədilər. 2020-ci ilin 27 sentyabr tarixində düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən başladılmış genişmiqyaslı, dünya hərb tarixinə düşmüş “Dəmir Yumruq” əməliyyatı regionda ümumi mənzərəni dəyişdi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmənə “Dəmir Yumruq” ifadəsinin nə olduğunu başa saldı. Belə demək mümkündürsə düşmən anlayacağı dildə başa salındı.
Döyüşlərin ilk günündə artıq Azərbaycan Ordusu inanılmazı bacardı. Düşünülmüş, vaxtında verilmiş qərarlar sayəsində ən mükəmməl şəkildə silahlanmış və hazırlanmış Azərbaycan əsgəri düşmənə layiq olduğu zərbəni məhz döyüş meydanında vurdu. Ərazinin relyefi, əvvəlcədən düşmənin müdafiə potensialını gücləndirməsi, o ana qədər üzbəüz mövqelərdə olan səviyyə fərqi Müzəffər ordumuz üçün heç nəyin problem olmadığını göstərdi. Hərb tarixinə düşmüş Vətən Müharibəsi cəmi 44 günə düşmənin ağ bayraq qaldırması, məhv olması ilə nəticələndi. Əlbəttə ki, tarixi uğurumuz asan başa gəlmədi.
Mərd, qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda əsl şücaət nümayiş etdirdilər. Canları, qanları bahasına doğma torpaqlarımızı düşməndən azad etdilr. Şəhidlər verdik, neçə-neçə canlar əbədi sağlamlığını itirdi. Möhtərəm Prezident cənab İlham Əliyev 2020-ci il dekabrın 2-də müharibənin başlandığı 27 sentyabr tarixinin Anım Günü olaraq qeyd edilməsi ilə bağlı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı.
Bu qərar şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin hörmət və ehtiramın nümunəsi idi. Bu gün Azərbaycan dövləti, cəmiyyətimiz tərəfindən Şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına layiq olduqları hərtərəfli diqqət və qayğı göstərilir. Bəli, bizlər fəxr edirik ki, bu torpağın övladlarıyıq. Vətənin bütövlüyü uğrunda canlarını fəda edən Şəhidlərimizin əziz xatirələri Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Rəna İmanzadə;
Neftçala rayon gənci, Şəhid bacısı


