Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb.
BAKU.NEWS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
Komitə rəsmisi bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. “Biz bu dostluğun və qardaşlığın ən ali göstəricisinə 44 günlük Vətən müharibəsində şahid olduq. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında müxtəlif dini konfessiyaların, fərqli mədəniyyət və millətlərin nümayəndələri bir yumruq kimi birləşdi və bir amal uğrunda mübarizə apardılar”.
M.Sadiq


