Fələyin çarxı dönməyə davam edir. Hər dönüşdə isə kimlərsə atasız, kimlərsə övladsız, kimlərsə də həyat yoldaşsız qalır. Bu çarx 90 cı illərin əvvəlində də döndü, 2020ci ildə də döndü, indi də dönür və dövlətlər, müharibə şəraiti olduğu müddətcə də dönməyə davam edəcək.
Çünki bu müharibə şəraitində yaşayan dövlətlərin insanlarının qədəridir, taleyidir. Dünən paylaşılan video və şəkillərdə şəhid övladının gözündən axan yaş mənə çox təsir etdi. Məni 30 il əvvələ, atamı itirdiyim günə apardı.. Əminəm ki, o gözdən axan yaş bir gün quruyacaq, amma ürəkdə açılan yaralar heç vaxt sağalmayacaq və atanın yeri dolmayacaq.
Kənardan o uşağın başına 3-5 gün sığal çəkib, şəhid övladı olması ilə qürur duyması gərəkdiyini deyib, sonra hər kəs öz yoluna gedəcək.
O uşağın ata əskikliyi, ata niskilini heç kim duymayacaq..10 il sonra isə ümumiyyətlə, hər şey unudulacaq…
Mən o uşağın gələcəyini indidən görürəm..Və anlayıram ki, illər keçir heçnə dəyişmir, dəyişən yalnız müharibə qurbanlarıdır.
Tək dəyişməyən insanlar və onların unutqanlıqlarıdır.. İnsanlar tez unudurlar, həm də çox tez…
Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr, güc və dözüm versin.
Çünki bundan sonra çox çətin olacaq!
Oruc İbrahimov


