Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Dördlər kənd sakinləri ilə keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, dövlət müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı məlumat verib.
Çıxış edən natiqlər “Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin yeni inkişaf mərhələsinin başlanğıcını qoydu” mövzusunda ətraflı məlumat veriblər. Bildirilib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin ən ağır sınaqlarla üz-üzə qaldığı, dövlət müstəqilliyimizin ciddi təhlükələrlə üzləşdiyi, respublikada dərin siyasi, iqtisadi və hərbi böhranın hökm sürdüyü bir dövrdə meydana gəldi. Həmin illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşür, dövlət institutlarının fəaliyyəti iflic vəziyyətinə düşür və ölkə vətəndaş qarşıdurması təhlükəsi ilə üzləşirdi. Belə bir taleyüklü məqamda cəmiyyətin əsas tələbi ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət idarəçiliyində məsuliyyətin bərpası və milli maraqlara söykənən ardıcıl siyasətin həyata keçirilməsi idi.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, ölkəmizin mürəkkəb ictimai-siyasi proseslərdən keçdiyi, dövlət müstəqilliyinin qorunmasının ciddi əhəmiyyət daşıdığı bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması yeni siyasi mərhələnin əsasını qoyub. Azərbaycanın tanınmış ziyalılarının 91 nəfər ziyalının müraciəti ilə başlayan bu tarixi proses Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında təşkilatlanmış siyasi hərəkatın formalaşması ilə nəticələnib. Ulu Öndər Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və milli maraqlara əsaslanan fəaliyyəti ilə partiyanın ideoloji və təşkilati əsaslarını müəyyən edib. Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın siyasi tarixində yeni bir səhifə açıb və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm mərhələyə çevrilib.
RİH-nin başçısı bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyəti Prezident, partiyanın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. 2005-ci ildə partiyanın sədri seçilən İlham Əliyevin rəhbərliyi dövründə YAP-ın təşkilati fəaliyyəti, siyasi platforması və ictimai-siyasi proseslərdə iştirakı yeni mərhələyə qədəm qoyub. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti, ölkənin sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və dövlətçilik institutlarının möhkəmləndirilməsi Azərbaycanın müasir inkişaf gündəliyinin əsas istiqamətlərini təşkil edir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri və siyasi irs bu gün də ölkənin siyasi tarixinin mühüm tərkib hissəsidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyəti isə həmin tarixi inkişaf xəttinin müasir dövrün çağırışları kontekstində davamını əks etdirir.
RİH-in başçısı 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının əhəmiyyətindən danışıb.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, avtomobil yolunun xətlənməsi və digər sosial məsələlərlə bağlı müraciətlər edilib. Qaldırılan məsələlər hər bir müraciət ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.






