Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayon sakinlərini müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
Əziz Neftçala rayon sakinləri və qonaqlar!⠀⠀
Sizi dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdiyi müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi bərəkət arzu edirəm.⠀⠀
Qurban bayramı İslamın bir din kimi tamamlandığı və insanlar üçün hidayət yolu olaraq seçildiyi mübarək günün təcəssümü, həm də xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır. Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunan Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevrilir. Artıq xalqımız müqəddəs Qurban bayramını cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin nəticəsində, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində işğaldan azad olunan torpaqlarımızda qeyd edir.
Sizləri Qurban bayramı münasibətilə təbrik edir, dualarınızın Uca Allahdan qəbul olunmasını arzulayıram.⠀
Bayramınız mübarək!


