Bu gün bir çox uşaqlar müxtəlif sosial, iqtisadi və digər səbəblərdən öz valideynləri ilə emosional kontakt qura bilmir, onlarla birgə vaxt keçirmirlər. Nəticədə uşaq ehtiyaclarını texnoloji vasitələrlə dəyərləndirməyə başlayır. Zaman keçdikcə ehtiyacdan asılılığa keçən bu mərhələdə uşaqların davranışlarında dəyişkənliklər müşahidə olunur.
Bunu BAKU.NEWS-a açıqlamasında “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva deyib.
Onun sözlərinə görə, texnologiyalar artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və bu gün biz texnologiyalar olmadan əksər işlərimizi həll edə bilmirik. Digər tərəfdən isə öz övladlarımızı da ondan asılı olmağa sövq edirik. Uşaqlarda internet və mobil vasitələrə yaranan bağlılıq birmənalı olaraq ailədən qaynaqlanır. Bəzən uşaq ailədə sevgi doyumsuzluğunu, diqqətin azlığını hiss edir. Valideyn öz uşağı ilə maraqlanmır və nəticədə bu, onlarda belə bir asılılıq yaradır. Əgər internet asılılığı varsa, bu problemin kökü mütləq şəkildə valideyndən qaynaqlanır. Uşağı yetişdirən, onu formalaşdıran ailədir. Bu asıllıq insanın istənilən yaş dövründə ünsiyyət problemi, özünəqapanma, depressiya, stress kimi problemlər yarada bilir. Uşaqlar internetdə vaxt keçirməklə diqqətsizliyi, ailədəki gərginliyi unutmağa çalışır və bununla o öz başını qatdığını zənn edir. Lakin o, ikiqat narahatlıq qazanmış olduğunu dərk etmir. İnternet, kompüter, planşetlər uşaqlarda aqressiya formalaşdırır. Problemin qarşısını almaq üçün valideyn öz övladına dəstək olmalıdır. Təəssüflər olsun ki, bu hər ailədə belə deyil. Valideyn qayğısı görən uşaq demək olar ki, texnoloji alətlərə, internetə meyil etmir. Bu qayğını görməyən uşaqlar öz problemlərini texnologiya vasitəsi ilə unutmağa, gizlətməyə çalışırlar. Mobil telefon, internet asılılığı əslində özünəqapanıqlığın bir formasıdır. Son zamanlarda uşaqlarda aqressiya, özünəqapanma, depressiya, əqli və emosional ləngimə geniş yayılıb. Biz seanslarımızda da tez-tez bunun şahidi oluruq. Bu problemlərlə günümüzdə bağlı həddindən artıq müraciətlər olunur. Valideyn elə bilir ki, bu gün uşağın başını mobil telefonla qatmaqla zaman qazanır. Amma əslində o ikiqat zərərə uğrayır. Belə uşaqlarda adətən analiz qabiliyyəti çox zəif olur. Bunlarında başlıca səbəbi övlada yetərincə zaman ayırmama, texnologiyalara sövq etmədir.


