Ümummilli Lider Heydər Əliyev özündən sonrakı onilliklər, hətta yüzillikər üçün siyasi inkişaf konsepsiyasının cizgilərini hazırlamış siyasi liderdir. Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətlə Prezident İlham Əliyev Şuşadan xalqa etdiyi müraciətində Heydər Əliyevin dövlətimiz və xalqımız qaşısında misilsiz xidmətlərini bir daha qeyd edərək, həm də gələcək üçün hədəflərimizin konturlarını aydın şəkildə açıqladı. Yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş Azərbaycan xalqı Ulu Öndərin 1993-cü ilin 15 iyunundan başlayan yolunu Vətən müharibəsindəki Zəfərə qədər uğurla davam etdirdi.
BAKU.NEWS xəbər verir ki, bu fikirləri YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadandov deyib.
Onun sözlərinə görə, bu gün xalqımız Ulu Öndərin müstəqilliyin əbədi və dönməz xəttini uğurla davam etdirir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağı, Şərqi Zəngəzuru dirçəldir. Milli Qurtuluşdan başlayan yol bu gün Böyük Qayıdışla davam etdirilir. Prezident postmüharibə dövründə ölkə üçün əsas hədəflərdən biri haqqında qeyd edir: “Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı – bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik”.
Xalqımız Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutur, onu minnətdarlıqla anır və 100 illik yubileyini əsl bayram kimi qeyd edir.
C.Quliyev


