Bakıda müştəri gözəllik salonundan narazı qalaraq şikayətçi olub.
“By Mashati” gözəllik salonunun sahibi Məshəti Dünyamalıyeva barəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İnzibati Xətalar Məcəlləsinin 428.10-cu ( reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edib.
Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə iclasında video-konfrans əlaqə sistemi vasitəsilə iştirak edən müştəri S.S. (adı, soyadı şərtidir) izahatında bildirib ki, “By Mashati” gözəllik salonu tərəfindən “Instagram” sosial şəbəkəsində fəaliyyət göstərən “by_mashati” adlı səhifədə “65 prosedur – 100 manat. Selülitlərə son” məzmunlu reklam xarakterli elan yerləşdirilib. O, qeyd edib ki, həmin kampaniyadan yararlanmaq məqsədilə müvafiq ödənişi həyata keçirərək təyin olunmuş vaxtda salona müraciət etdikdə reklamda göstərilən şərtlərə uyğun olmayan, tamamilə fərqli vəziyyətlə qarşılaşıb. Bu səbəbdən ödədiyi vəsaitin geri qaytarılmasını tələb etsə də, tələbi təmin edilməyib. Müştəri deyib ki, sözügedən kampaniya ilə bağlı yanvar ayında sosial şəbəkə vasitəsilə maraqlanıb, reklamın həqiqətə uyğun olmadığını müəyyən etdikdən sonra isə 2026-cı ilin fevral ayında səlahiyyətli orqana müraciət edib.
Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməyib. Onlar gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat təqdim etməyiblər.
Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdıraraq belə nəticəyə gəlib ki, inzibati xəta işi üzrə toplanmış materiallar tam və hərtərəfli baxılmasına imkan vermədiyindən, materiallar aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün onları tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır.
İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən protokoldan görünür ki, Məshəti Dünyamalıyeva paytaxt ərazisində fəaliyyət göstərən və “by_mahsati” adlı “Facebook” sosial şəbəkə səhifəsi vasitəsilə əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan, habelə əmtəənin göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsinə dair qeyri-dəqiq reklam yaydığı müəyyən edilib. Həmin hərəkətlərinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.
İş materiallarında olan Dövlət Agentliyinin məktubundan görünür ki, Məshəti Dünyamalıyevadan inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməsi məqsədilə qurumun inzibati binasına gəlməsi xahiş edilib.
Sabunçu Rayon Məhkəməsinin qərarına görə, Məshəti Dünyamalıyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikasının Prezidenti Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə geri qaytarılıb.
Plat.az


