Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Prof. Gülnaz Dadaşova Global MicroLabTalk Forum 2026-da iştirak edir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova Çinin Kaifeng şəhərində keçirilən Global MicroLabTalk Forum 2026 beynəlxalq elmi forumunda iştirak edir.
19–21 sentyabr tarixlərində keçirilən tədbir Beynəlxalq Klinik Kimya və Laboratoriya Təbabəti Federasiyası (IFCC) və Autobio Diagnostics şirkətinin iştirakı ilə təşkil olunur. Forum klinik mikrobiologiya və laboratoriya təbabəti sahəsində çalışan mütəxəssisləri bir araya gətirərək müasir diaqnostik texnologiyalar, laboratoriya proseslərinin inkişafı və innovativ yanaşmalar ətrafında elmi fikir mübadiləsi aparmaq məqsədi daşıyır.
Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirakı ilə elmi sessiyalar, praktiki nümayişlər və müasir mikrobioloji diaqnostika texnologiyaları ilə bağlı təqdimatlar keçirilir.
Prof. Gülnaz Dadaşovanın forumda iştirakı beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl tibbi texnologiyalar və müasir diaqnostik yanaşmalar üzrə təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.



